ABŞ-da prezident seçkisi: Tramp 2.0?

ABŞ-da prezident seçkisi: Tramp 2.0? Bu gün ABŞ-da çoxdan gözlənilən prezident seçkisi günüdür
Analitika
3 Noyabr , 2020 17:36
ABŞ-da prezident seçkisi: Tramp 2.0?

“Döyüşə yalnız qocalar atılır”, bəs sonda kim qalib olacaq?

Bu gün ABŞ-da çoxdan gözlənilən prezident seçkisi günüdür, nəhayət, Respublikaçılar və Demokratlar Partiyasının nümayəndələri arasındakı yarışda bu dəfə kimin qalib gələcəyi müəyyənləşəcək. Çoxları Co Baydenin qələbəsinə inanır və onu qətiyyətlə dəstəkləyir. Elə Donald Trampın tərəfdarları da onun yenidən seçilməsinə qarşı çıxmırlar. Rəqəmlərə müraciət etsək, “USC Dornsife”ın keçirdiyi sorğunun nəticələrinə görə, ümummilli səviyyədə Demokratlar Partiyasının nümayəndəsi üstündür – 54%, Trampı isə yalnız 42% respondent dəstəkləyib. Ancaq bu yerdə ABŞ-da qüvvədə olan “unikal” seçki sistemini xatırlatmağa dəyər.

ABŞ-da prezident seçkisi kimin daha çox səs toplaması ilə müəyyənləşmir. Seçkini bir ifadə ilə qələmə vermək olar - qalib hər şeyi əldə edir. Seçilmişlər, adətən, ştatlarında ən çox səs alan namizədi dəstəkləyirlər, sonra da ştat adından səs verirlər. Hər ştata əhalisinin sayından asılı olaraq müəyyən sayda seçilmiş təyin olunur. Bəzi ştatları sözün əsl mənasında “döyüş meydanları” adlandırmaq olar, çünki məhz onların səslərinin seçki yarışının aqibətini müəyyənləşdirdiyi hesab olunur. 2020-ci ildə bu cür həlledici ştatlara Pensilvaniya, Miçiqan, Viskonsin, Florida, Ayova və Ohayo aid edilir. Ənənəvi olaraq respublikaçılara səs verən Arizona, Şimali Karolina və Corciya kimi ştatlar da bu il potensial döyüş meydanı sayılır.

“ABŞ məhsulları al, amerikalıları işə götür”

Hazırkı prezident, respublikaçı Donald Tramp diplomat deyil, onun damarlarında çılğın iqtisadçı qanı axır və bu güclü şəkildə hiss olunur. O, oturub uzun-uzadı danışıqlar aparmayacaq, onun üçün embarqo qoymaq və ya ildən-ilə uzadılacaq və yenilənəcək sanksiyalar tətbiq etmək daha asan və daha sərfəlidir. Güman ki, bu tendensiya onun yenidən seçilməsi halında da müşahidə ediləcək. Trampın ağına-bozuna baxmadan əsas rəqibi Çinə, hətta köhnə tərəfdaşı Avropa İttifaqına qarşı rüsumlarla, birbaşa və ya dolayı sanksiyalarla cəza kəsməsini xatırlayaq. Ancaq onun bunu şəxsi şıltaqlığına görə etdiyini düşünmək lazım deyil, məqsəd sənayeni ABŞ-a geri qaytarmaq, ABŞ-da satılması planlaşdırılan malların başqa yerdə istehsalını iqtisadi cəhətdən zərərli etmək idi. Onun vergi islahatı böyük və orta sahibkarlığın yükünü bir qədər azaltdı, tənzimləmə islahatı isə onsuz da məşğul olan amerikalıları bürokratik prosedurlardan qurtardı və 2019-cu ildə 50 milyard dollar qənaət edilməsi ilə yekunlaşdı. İşsizlik səviyyəsi keçən il son 50 ildə ən aşağı səviyyəyə - 3,5%-ə düşdü, amerikalıların əmək haqqı səviyyəsi isə illik nisbətdə 4% artaraq 28,54 dollar/saata çatdı. Koronavirus pandemiyası olmasaydı, rəqəmlər daha da yaxşı ola bilərdi. İkinci rübdə ABŞ iqtisadiyyatı illik nisbətdə təxminən 33% azaldı, bu geriləmə 1947-ci ildən bəri rekord göstərici oldu. Ancaq Tramp koronavirusu nəzərə almadan gördüyü işlərdən razıdır: “Washington Post” qəzeti sentyabrda prezidentin ölkə iqtisadiyyatındakı mükəmməl vəziyyət haqqında 40 dəfə açıqlama verdiyini yazmışdı.

Ancaq geridə qalan 4 ildə heç də hər şey rəvan getməyib, hətta bir ara ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Trampa qarşı impiçment prosedurunu başlatmağa çalışmışdı. Demokratlar hakimiyyətdən sui-istifadə edildiyini əsas gətirərək dərhal impiçment tələb edirdilər. Trampın müraciəti Senatdakı səsvermədən bir gün əvvəl baş tutdu, Nensi ona əlini uzadanda isə Tramp açıq şəkildə onu sıxmaqdan imtina etdi. Sonrakı iki saat Pelosi üçün çətin oldu. Tramp danışarkən o gah kağız-kuğuzu sahmana salırdı, gah da əsəbi halda gülümsünürdü. Çıxış bitdikdən sonra o, nümayişkaranə şəkildə Trampın nitqinin mətnini cırıb atdı. Güman ki, Trampın ikinci müddətə seçiləcəyi təqdirdə “Pelosi Trampa qarşı” realiti-şousu davam edəcək.

“Black lives matter” hərəkatı necə Trampın xeyrinə işlədi?

Qaradərili amerikalı Corc Floydun ölümündən sonra bir neçə aydır, demək olar, hər gün keçirilən etiraz və mitinqlər səngimir. Amerikalılar “Black lives matter” şüarı altında keçirdikləri etiraz mitinqlərində bir neçə gün öncə Filadelfiyada (Pensilvaniya ştatı) dükanları dağıdıblar, polis məmurlarına hücum ediblər. Portlenddə bir neçə ay davam edən çıxışlara xüsusi diqqət yetirilməlidir. “Portlenddə baş verən çılğın reaksiya 95 günlük müşahidədən sonra gözlənilməz ola bilməz. Səriştəsiz mer də nələrin baş verdiyinə dair heç bir fikrinin olmadığını etiraf edir. Portlend xalqı artıq təhlükəsizliyin olmaması ilə barışmayacaq” – deyə Tramp tvitter səhifəsində yazıb.

Ya da hərəkatın əsas mərkəzlərindən biri sayılan Kenoşaya (Viskonsin ştatı) baxaq. Tramp şəhərə səfəri zamanı Kenoşanın meri Con Antaramyanı radikal anarxistləri müdafiə etməkdə günahlandırdı və onu axmaq adlandırdı. Niyə Tramp fikirlərini açıq söyləyir və sanki bütün məsuliyyəti merlərin üzərinə yıxır? Çünki həm Portlendin, həm də Kenoşanın meri Demokratlar Partiyasındandır. İrqçilik mövzusunun amerikalılar üçün nə qədər həssas olduğunu anlayan Tramp cəmiyyətə onların “həqiqi üzlərini” göstərmək və hətta bir neçə səs qazanmaq üçün oxun ucunu demokratlara tərəf çevirir. Bu hiyləgər addım Trampa kömək edəcəkmi? Zaman göstərəcək.

Qarabağda "asan iş" və Trampın "məyusluğu"

Dağlıq Qarabağ münaqişəsinin gərginləşmə dövrü namizədlərin təbliğat-təşviqat kampaniyasının, demək olar, sonuna dəng gəldi və Tramp bu mövzuda danışmaq fürsətini əldən verməyərək tərəfləri sülhə və danışıqlara çağırdı. Ancaq hiss olunurdu ki, yaxınlaşan seçki səbəbindən onu daha çox digər məsələlər narahat edir. Tramp münaqişə barədə yalnız bir neçə dəfə danışdı və Ermənistan tərəfinin dərhal pozduğu humanitar atəşkəsə nail olunmasında əlinin olduğunu göstərməyə çalışdı. ABŞ prezidenti Dağlıq Qarabağdakı vəziyyəti “məyusedici” kimi qələmə verdi.

“Bunu “asan iş” adlandırıram. Bunu həll edəcəyik. Gedin və xalqınıza söyləyin... Nə etdiyinizi bilirsinizsə, bu, asandır”, - Tramp Nyu Hempşir ştatında baş tutan və özünün yutub kanalında yayımlanan mitinqdə çıxış edərkən deyib.

Tramp daha çox səs toplamaq üçün erməni lobbisini “ələ almağa” çalışaraq demişdi: “Siz (ermənilər) ruhən güclüsünüz. Ermənistan sakinləri güclü vətənpərvərlik və ölkələrinə sədaqət ruhuna sahibdirlər”. Məsələ ondadır ki, ABŞ-da yaşayan ermənilər kifayət qədərdir və onların əlavə səsləri respublikaçılara mane olmazdı. Necə deyərlər, yalnız siyasətdir, şəxsi heç nə yoxdur.

Co Baydenin “Pandora qutusu”

Prezident seçiləndən əvvəl dövlətdə və ya hərbiyyədə hər hansə vəzifə tutmamış Donald Trampdan fərqli olaraq Demokrat Partiyasının namizədi Co Bayden 50 ilə yaxın siyasi keçmişə malikdir. Son olaraq vis-prezident kürsüsündə çalışmış Baydenin həmin keçmişində bir çox korrupsiya və dələduzluq qalmaqalı da var. Həmçinin onun “Amerika üçün çox yaşlı” olduğunu, həmişə mürgü vurduğunu da üzünə vuranlar az deyil. Ötən ilin avqust ayında seçkiqabağı müzakirələr zamanı demokrat namizədi seçiciləri onu dəstəkləmək üçün “Joe 30330” saytına daxil olmağa çağırmışdı. Lakin belə bir saytın olmadığı məlum oldu: sən demə, Bayden zarafatyana dediyi həmin rəqəmlər mətn göndərmək üçün nömrə imiş. Həmçinin 2002-ci ildə İraqa ordu yeritməyi ən çox dəstəkləyənlərdən biri olan Co Beyden tez-tez qəddarlıqda da ittihamlara tuş gəlir. Hərçənd sonradan mövqeyini dəyişdirərək elə əvvəldən bu müharibəyə qarşı çıxdığını iddia edərək İraqdan hərbçilərin çıxarılması üçün səylər göstərməyə başladı.

Bununla yanaşı bir vaxtlar irqçi kimi də ad çıxarmış Co Bayden ağ və qara uşaqların eyni məktəb avtobusuna mindirilməsinə qarşı çıxıb. Seçkiqabağı telemüzakirələrdə bu əhvalat xatırlandıqda o, inkar etməyə çalışdı. Guya belə qaydanın ştat səviyyəsində məğbul olduğunu, federal səviyyədə tətbiqinə isə qarşı çıxdığını iddia etsə də, seçiciləri inandıra bilmədi. Əhalinin çoxu prezident seçiləcəyi təqdirdə ölkədəki ab-havanın korlana biləcəyindən çəkinir.

“Tanıdığı ən ağıllı oğlandır”

Co Bayden mehriban ata olsa da, oğlu daha çox qalmaqallarla gündəmə gəlməyə meylli olduğu üçün onu tez-tez pis vəziyyətdə qoyur. Təəssüf ki, Hanter Bayden KİV-lər qarşısına daha çox ya narkotik qəbul etmiş vəziyyətdə, ya da qaranlıq yollarla əldə etdiyi çirkli pulları yumağa uğursuz cəhdləri əsnasında çıxarılır. Elə bu günlərdə Senatın məhkəmələr komitəsinin sədri Lindsey Qraham H.Baydenin sahibkarlıq fəaliyyətində “sənaye miqyasında” korrupsiya olduğunu bildirib. Demokratlar isə təbii ki, bu kimi ittihamları rədd edir, bunu Rusiyanın da əli olduğu şər-böhtan kampaniyası kimi qələmə verirlər.

Yeri gəlmişkən, hələ çağırışçı yaşında ikən kokain vurduğu üçün hərbi donanmanın ehtiyatından xaric edilmiş Hanter Bayden buna baxmayaraq cəmi 27 yaşında böyük bir bankın vise-prezidenti olub, hətta atasının Çindəki işlərinə də cəlb edildiyi barədə söz-söhbətlər yayılıb.

Ermənilər demokratların arxasında

Demokrat Partiyası çoxdandır ermənilərə xüsusi rəğbətilə ad çıxarıb. Əlbəttə, demokratlara əlavə səslər, ermənilərə isə yeni-yeni təxribatlarını həyata keçirmək üçün havadarlar lazımdır. Odur ki, qondarma erməni soyqırımını tanıtmaq üçün Demokrat Partiyasının uzun illər ərzində yeritdiyi ardıcıl fəaliyyətlər o qədər də təəccüblü görülməməlidir. Co Baydenin Dağlıq Qarabağ münaqişəsinə dair fikir bildirərkən əsas diqqəti işğalçı ölkəyə yox, Donald Tramp administrasiyasına yönəltməsi də səciyyəvi sayıla bilər: “Oktyabr ayının 10-da atəşkəsin pozulmasından, Dağlıq Qarabağ ətrafında döyüşlərin davam etməsindən çox narahatam. Dronlar, minaatanlar, uzaqmənzilli artilleriya hər iki tərəfdən yüzlərlə insanı məhv edir. 27 sentyabr tarixindən hərbi əməliyyatlar başladığı vaxtdan bu yana nə prezident Tramp, nə də dövlət katibi Pompeo bircə dəfə də olsun Ermənistan və Azərbaycan liderlərilə əlaqə saxlayıblar”.

Bir medalın iki üzü

“Öz işimi mükəmməl görmüşəm. ABŞ siyasətini aparmışam” – deyə prezident Donald Trampla siyasi müzakirələrdə söyləyən Co Baydenin və oğlunun Rusiya, Çin, Ukrayna şirkətlərilə şübhəli “işgüzar” əlaqələri barədə sosial şəbəkələrdə paylaşımlar baş alıb getsə də, demokratlar onun tərtəmiz olduğunu bir ağızdan iddia edirlər. Hər dəfə seçkiqabağı müzakirələrdə mürgüləyən Con Bayden Trampın tərəfdarlarına “əbləh”, “seçki saxtakarlığına qarşı mübarizə komandası” əvəzinə “saxtakarlıq komandası” deyir, Amerikanın daha yaxşı olacağını bildirir. Lakin bu sözlərinə etimad varmı? Bu günlərdə D.Tramp öz səhifəsində yazıb: “Dünən Co Bayden mənə Corc deyə xitab etdi. Adımı yada sala bilmədi, müsahibəsini davam etməsi üçün aparıcı köməyə gəlməli oldu”. Əlbəttə, Donald Tramp da cavan oğlan deyil, amma hər halda Amerikanın yükünü bir daha üzərinə götürmək iqtidarında olduğu təəssüratı yaradır.

Nə isə, artıq seçkinin nəticələrini gözləyək.

Son xəbərlər

Orphus sistemi