"ABŞ-da işsizliyin artması ciddi problemlərə gətirib çıxara bilər" - RƏY

"ABŞ-da işsizliyin artması ciddi problemlərə gətirib çıxara bilər" - RƏY Son günlər ABŞ-da baş verən hadisələr dünyanın diqqət mərkəzindədir. Əslində, seçkilərin yaxınlaşdığı ərəfədə yaşanan olayları, polis zorakılığının qurbanı olan afroamerikalı Corc Floydun xatirəsinə keçirilən nümayişləri, eyni zamanda pandemiya qurbanlarının sayının çoxluğunu dünyanın lider dövlətlərindən biri olan ölkə üçün həyəcan siqnalı saymaq olar. Bir çox siyasətçilər ABŞ iqtisadiyyatında kəskin zəifləmənin, işsizliyin artmasının, ümumilikdə, ölkədəki vəziyyətin ürəkaçan olmadığını deyirlər. Bəziləri isə seçkilərə hazırlıq ərəfəsində baş verənləri Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydenlə hazırkı dövlət başçısı Donald Trampın mübarizəsi kimi qiymətləndirirlər. Bəs reallıqda ABŞ-da nə baş verir? Ümumiyyətlə, koronavirusla mübarizə imtahanından keçə bilməyən ölkəni nələr gözləyir? ABŞ-ın Nyu-Cersi Universitetinin professoru, akademik, siyasi analitik Huşəng Əmirəhmədi Reportun xüsusi müxbirinə açıqlamasında suallara aydınlıq gətirməyə çalışıb.
Analitika
22 İyun , 2020 13:47
ABŞ-da işsizliyin artması ciddi problemlərə gətirib çıxara bilər - RƏY
Huşəng Əmirəhmədi / Report

Son günlər ABŞ-da baş verən hadisələr dünyanın diqqət mərkəzindədir. Əslində, seçkilərin yaxınlaşdığı ərəfədə yaşanan olayları, polis zorakılığının qurbanı olan afroamerikalı Corc Floydun xatirəsinə keçirilən nümayişləri, eyni zamanda pandemiya qurbanlarının sayının çoxluğunu dünyanın lider dövlətlərindən biri olan ölkə üçün həyəcan siqnalı saymaq olar. Bir çox siyasətçilər ABŞ iqtisadiyyatında kəskin zəifləmənin, işsizliyin artmasının, ümumilikdə, ölkədəki vəziyyətin ürəkaçan olmadığını deyirlər. Bəziləri isə seçkilərə hazırlıq ərəfəsində baş verənləri Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydenlə hazırkı dövlət başçısı Donald Trampın mübarizəsi kimi qiymətləndirirlər. Bəs reallıqda ABŞ-da nə baş verir? Ümumiyyətlə, koronavirusla mübarizə imtahanından keçə bilməyən ölkəni nələr gözləyir? ABŞ-ın Nyu-Cersi Universitetinin professoru, akademik, siyasi analitik Huşəng Əmirəhmədi "Report"un xüsusi müxbirinə açıqlamasında suallara aydınlıq gətirməyə çalışıb.

Ekspert bildirib ki, ABŞ iqtisadiyyatının zəifləməsinə gedən yol iki əsas mərhələni əhatə edir: “Amerika Birləşmiş Ştatları 70 ildən çoxdur dünyanın ən böyük gücü hesab olunurdu. ABŞ eyni zamanda dünyanın ən böyük inkişafda olan iqtisadiyyatına sahib idi. 30 ilə yaxındır ABŞ iqtisadiyyatında yavaş-yavaş eniş hiss olunmaqdadır. Hərbi sahədə də böyük uğurları vardı. Son 30 ildə ABŞ iqtisadiyyatı tədricən zəifləməyə başladı. Xüsusilə ABŞ iqtisadiyyatı vaxtı ilə dünya iqtisadiyyatının, demək olar ki, 25%-ni çiyinlərində daşıyırdı. Sonralar bu göstərici 20% oldu. İndi isə təxminən 17-18%-dir. Bu göstəriciləri müqayisə etdiyimiz zaman görürük ki, ABŞ iqtisadiyyatının digər ölkələri qabaqladığı bir dövrlər olub. İndi hər kəs deyir ki, Çin təxminən dörd-beş ildən sonra dünyanın lider ölkəsinə çevriləcək. Hindistan hətta bu sırada üçüncü, ABŞ isə ikinci sırada göstərilir. Göstəricilər onu deyir ki, ABŞ artıq Avropanın iqtisadi cəhətdən sarsıldığı zaman kömək edə bilməz. Çin çox sürətlə böyüyür və rəqabət böyükdür, insan resursları və qaynaqları çox genişdir. Əlbəttə, orada demokratiya və mövcud hökümətin nəzarəti rol oynamır".

Onun sözlərinə görə, bu işdə son dərəcə vacib bir məqam var: "Amerikada liberal və demokratik idarəçiliklə kapitalizm zaman keçdikcə daha çox inhisarçı oldu. Varlılar zənginləşdi, kasıblar isə daha da səfilləşdi. Bir dövr var idi ki, bu ölkədə orta təbəqəyə son dərəcə yaxşı davranılırdı. Ancaq bu cür davranış artıq yoxdur. Pandemiyadan öncə də Amerika iqtisadiyyatı çöküşdə idi. Təbii ki, kapitalizim həmişə zaman-zaman iqtisadi böhranlar gətirir. Ancaq bu kimi böhranlar zamanla düzəlməyə doğru irəliləyir. Bu dövrdəki böhran isə ABŞ üçün daha problemli oldu. 2008-ci ildə ABŞ iqtisadiyyatı həqiqətən ən aşağı səviyyələrə düşmüşdü. Yenidən özünün inkişaf yoluna qədəm qoyan iqtisadiyyat pandemiya ilə bərabər təkrar zəifləməyə üz tutdu, yenidən problemlər başladı".

H.Əmirəhmədi deyib ki, ABŞ iqtisadiyyatındakı sarsıntısının səbəbini analiz etmək üçün pandemiyadan öncələrə getmək lazımdır: "ABŞ iqtisadiyyatındakı çöküşün iki səbəbi var idi. Bunlardan biri son illərdə Amerikanın özünə qarşı elm və texnologiya istehsal etməsidir. Belə ki, XX əsrdə və xüsusilə də son onillikdə Amerika elm və texnologiyanın mərkəzinə çevrilmişdir. Həqiqətən bu sahədə bütün güc Amerikanın idi. Hətta deyərdim ki, dünyanın elm və texnologiyasının 80 faizi ABŞ-dan idarə olunurdu. Zamanla digər ölkələr ABŞ-ın elm və texnologiyasını əlindən aldı, onları kommersiya halına gətirdi. Bu vəziyyət ABŞ iqtisadiyyatı üçün tələ yaratdı. Yaponiya, Çin, Avropa, Hindistan bu işin bir parçasına çevrildi. Bu, ABŞ iqtisadiyyatının tənəzzülü demək idi. Amerika iqtisadiyyatında uğursuzluğun böyük səbəblərindən biri elm və texnologiyaın üzərində qurulması idi. İkincisi, Amerika liberal kapitalizmin monopoliya kapitalizimdən daha məhsuldar olduğunu başa düşmədi. Onlar monopoliya kapitalizmin inkişafına icazə verdilər. Hər şeyi bir yerdə cəmləməyə çalışdlar. Əlbəttə, Yaponiya və digərləri bu məsələyə reaksiya vermədilər və beləliklə, fürsətdən istifadə edib böyüməyə başladılar. Bununla da proses nəzarətdən çıxdı. Beləliklə, bu müddətdə kapitalın konsentrasiyasını və mərkəzləşdirilməsini idarə edə bilmədilər. Bu vəziyyət də nəticədə bərabərsizliyə səbəb oldu. Pandemiya isə ABŞ iqtisadiyyatını yenidən vurdu. Çünki bu ölkədə qərarlar federal hökümət, yerli idarətməyə məxsusdur. ABŞ prezidenti Donald Tramp şəhərlərə, ştatlara əmr verə bilmədi ki, işlər dayandırılmalı və sərhədlərinizi bağlamalısınız. Hətta dövlət başçısı Nyu-York qubernatoruna sərhədləri bağlamaq lazım olduğunu deyəndə “bu, mənim işimdir, bunu mənə deməyə ixtiyarınız yoxdur” cavabını aldı. Nəticədə pandemiya dövründə Amerika boşaldı, iqtisadiyyat ciddi dəyər itirdi və işsizlik baş qaldırdı. ABŞ çətin dövrdən keçir. Ümid edirəm ki, pandemiyadan sonra iqtisadiyyatını yüksəlişə aparacaq, yoxsa işsilziyin artışı ölkədə ciddi problemlərə gətirib çıxara bilər.

Siyasi analitik vurğulayıb ki, artıq ABŞ ehtiyacı olan hər kəsə kömək etmək iqtidarında deyil: "Trampın etməyə çalışdığı tam budur. Mən ideoloji cəhətdən müdrik olmasam da, Trampı dəstəkləyirəm. Çünki Amerikanın qloballaşmadan əziyyət çəkdiyinə inanıram. Amerika bir qədər millətçi olmalıdır. Dünyanın bütün ölkələrinin millətçi olması məcburdur. Qloballaşma kiminsə köməyinə çatmır. Güclü olmaq lazımdır. İndi bu müharibədə zəif birisənsə, onda itirirsən. Çox sadə dillə desək, sənin ölkən qlobal ola bilər, əgər onun başında olsan. Çin, Yaponiya qlobalizimlə qazana bilər. Tramp "qlobalizmi sevmirəm" deməklə haqlıdır. Millətçi olmağın zəruri olduğunu vurğulayır, istəmirəm hamı mənim evimə gəlsin deyir. Gələnləri mən seçməliyəm deyir. Məncə belə də olmalıdır. Açıq qapı olmalıdır, amma ölkəyə gələnlər və gedənlər bəlli olmalıdır. Trampın qarşısında dayanan demokratlar isə qloballaşmanın tərəftarı olanlardır". 

H.Purəhmədi bildirib ki, bu gün prezidentlik yarışında Donald Trampa rəqib olan Co Bayden onun fikir və düşüncələrinin tamamilə əksinə olan bir şəxsdir: "Bu gün ABŞ-da bir savaş var, həqiqi savaş. Əslində, insanlar qloballaşmanı tələb edirlər. Millətçiliyi, mədəni müxtəlifliyi, multikulturallığı geri qazanaraq izolyasiya olmaq istəyirlər. Bütün əcnəbi vətəndaşlar bir müddət sonra amerikalı olmağa çalışsalar da, ancaq gəldikləri ölkələrin mədəniyyətini də burada yaşatmağa çalışırlar. Amerika bayrağının yanında öz bayraqlarını da asırlar. Bundan sonra da irqçilik söhbətləri başladırlar. Siz burada küçələrdə milyonlarla yerlilər qədər zəngin afroamerikalılar görə bilərsiniz. Ölkədə çox yaxşı vəzifələrdə olan minlərlə afroamerikalı var. Fransada küçələrə çıxıb Corc Floydu dəstəkləyən milyonlarla insan var. Bəs onlar niyə küçəyə çıxıblar? Elə bilirsiniz, onlar afroamerikalıları dəstəkləyirlər? Heç onlardan bir çoxu Corc Floydun kim olduğunu belə bilmir. Afroamerikalıların Amerikadakı yerlərini belə bilmirlər. Bilirsiniz onlar niyə küçədədilər, çünki Amerika millətçi olmağa doğru gedir, artıq fransızlar Amerikadan faydalana bilməyəcəyini düşünürlər. Çünki Amerika Avropa üçün süd verən inək vəzifəsini icra edir. Donald Tramp isə "artıq süd yoxdur" deyir. ABŞ Avropaya hərbisi, texnologiyası, səhiyyəsi, bir sözlə, hər şeyi üçün pul ödəyir. Amerika indi deyir ki, əvəllər vardı ödəyirdim, artıq yoxdur, olanları da özümə saxlamalıyam".

Siyasi analitik qeyd edib ki, hələ altı ay qaldığını nəzərə alaraq seçkilərdən danışmaq bir qədər tezdir: "Əgər sabah ölkədə seçkilər keçirilərsə, təbii ki, prezident Tramp bu mübarizəni uduzar. Çünki pandemiya zamanında Tramp bu işin öhdəsindən yetərincə gələ bilmədi. Bundan əvvəlki seçkilərdən bir ay öncə Hillari Klinton Trampdan 12 faiz irəlidə idi, ancaq nəticədə uduzdu. Doğrudur, ABŞ demokratik bir ölkədir, buna baxmayaraq, insanlar kimin prezident olmasına qərar verə bilmirlər. Burda nəticələrə təsir edən bir çox məqamlar var. Bugünkü vəziyyətdə Tramp və ya Bayden seçkinin qalibi ola bilər. Ancaq onlar ikisi də bilməlidirlər ki, ABŞ üçün masanın üstündə çox yaxşı plan olmalıdır. Sizə dörd dəfə ölkə prezidenti seçilmiş yeganə şəxs Franklin Ruzvelti xatırlatmaq istəyirəm. 1933-cü ildən 1945-ci ilə qədər prezident postunda ən uzun müddətdə qalan şəxs kimi ölkə tarixinə düşən Franklin Ruzveltin dönəmində ABŞ-da işsizlik aradan qaldırılmışdı. İnsanlar rifah içində yaşayırdılar. Ancaq bu gün Amerika milli maraqlarını itirmiş vəziyyətə gəlib. Tramp Amerikanın maraqları üçün mübarizə aparır. Əslində, o, imiqrasiyanı azaltmaqla ABŞ-ın maraqlarını qorumağa, ölkəni təkrar özünə qaytarmağa çalışır. Buna baxmayaraq, onun da bir sıra ciddi səhvləri oldu və bu müddətdə çox səs itirdi. Bu səbəbdən sabah seçki keçirilərsə, heç şübhəsiz, Co Bayden qazanacaq. Ancaq Trampın şansları olduğuna inanıram və vəziyyəti nəzarət altına almaq üçün xeyli vaxtı var. Nəticə etibarilə yeni yollarla hədəfinə doğru irəliləyə bilər. Fikrimcə, məhdudiyyətlər gətirərək ABŞ-da kapitalizmi təkrar canlandırıb vəziyyəti normala döndərə biləcək. Amerika təkrar itirdiklərini geri almalıdır, elm və texnologiyaya nəzarəti əvvəlki kimi əlində tutmalıdır. ABŞ-ın qlobalizmdən çıxması zəruridir. Çünki rəqabətdə uduzmaqdadır. Amerikanın dəyişməsinin zəruri olduğuna inanıram. Əgər Tramp bunları edərsə, yenidən qazana bilər. Ümumiyyətlə, bu dəyişiklikləri kim etsə, həmin şəxs də qazanacaq.

Müxbir: Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi