Hər daşın altından ABŞ çıxır: dünyanı qarışdırıb özü kənarda qalır - ŞƏRH

Hər daşın altından ABŞ çıxır: dünyanı qarışdırıb özü kənarda qalır - ŞƏRH ABŞ-nin müasir xarici siyasət kursunun əsas istiqamətlərindən biri müxtəlif regionlarda gərginlik yaratmaqla həmin bölgələrə müdaxilə etmək və beləliklə, təsir imkanlarını artırmaqdır. Bu, Cənubi Qafqazda, Yaxın Şərqdə aydın müşahidə olunur. Vaşinqton Şə
Analitika
16 Fevral , 2024 12:45
Hər daşın altından ABŞ çıxır: dünyanı qarışdırıb özü kənarda qalır -  ŞƏRH

ABŞ-nin müasir xarici siyasət kursunun əsas istiqamətlərindən biri müxtəlif regionlarda gərginlik yaratmaqla həmin bölgələrə müdaxilə etmək və beləliklə, təsir imkanlarını artırmaqdır. Bu niyyət Cənubi Qafqaz, Yaxın Şərq və Şərqi Avropada aydın şəkildə müşahidə olunur. Vaşinqton Şərqi Avropada Ukrayna, Cənubi Qafqazda Ermənistan vasitəsilə “suları bulandırmağa” çalışır. Yaxın Şərq regionunda HƏMAS-la İsrail arasında 2023-cü ilin oktyabrından davam edən müharibədə də Ağ Ev mühüm rola malikdir.

Əlbəttə, biz Ukraynanı, İsraili Ermənistanla müqayisə etmirik. Situasiyalar fərqlidir. Ukrayna öz torpaqları uğrunda mübarizə aparır. Ermənistan isə işğalçı təfəkkürdən xilas ola bilmir. Amma ABŞ-nin siyasəti eynidir: nisbətən zəif, özünə yaxın olan tərəfi şirnikləndirir, onu dəstəyini nümayiş etdirir, sonra da bataqlığa salır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 15-də Misir səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bəhs etdiyimiz məsələ barədə mövqeyini konkret ifadə edib. O, Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib.

Türkiyə liderinin sözlərinə görə, Yaxın Şərqdə qan axması hələ də dayanmayıb: “Sülh çağırışları ABŞ-nin mənfi təsirləri ilə nəticəsiz qaldı. ABŞ bəzi rəsmilərini bu işi həll etmək üçün regiona göndərdiyini deyir, amma nəticə əldə olunmur”.

Ərdoğan vurğulayıb ki, Türkiyə bütün bunlara baxmayaraq, sülh və sabitlik üçün çalışmağa davam edir: “Çünki başqa çıxış yolu yoxdur. Qərb rəsmiləri bizimlə təmasa keçəndə onlara da eyni sözləri deyirik”.

Görünən odur ki, heç bir ölkənin, o cümlədən özünə proksi olaraq seçdiyi dövlətlərin taleyi, gələcəyi ABŞ-ni maraqlandırmır. Əgər belə olmasaydı, ABŞ Ermənistanı təhrik edərək növbəti hərbi təxribatlara sövq etməzdi. Həmçinin, bu gün Ukraynaya göstərilən dəstəyin həcmində də dəyişiklik olardı, hərbi yardım xəsisliklə, sadəcə müqavimət məqsədilə göstərilməzdi. Eləcə də, ABŞ müharibənin taleyini Ukraynanın xeyrinə dəyişdirə biləcək addımlar atar, F-16 qırıcı təyyarələrinin tədarükünü çoxdan həyata keçirərdi.

Bu gün oxşar situasiya Yaxın Şərqdə də təkrarlanır. Müharibənin ilk vaxtlarında İsraili dəstəkləyən ABŞ artıq, deyəsən, onu tək qoymağa hazırlaşır. KİV-də yayılan məlumatlara görə, ABŞ Prezidenti Cozef Baydenlə israilli həmkarı Benyamin Netanyahu arasında gərginlik hökm sürür. Çünki Ağ Ev öz maraqlarının reallaşması üçün diktə etmək istəyir. Təl-Əviv isə bununla razılaşmır.

Üstəgəl, ola bilsin, müharibənin miqyasının genişlənməsi ehtimalı da ABŞ-ni narahat etməyə başlayıb. Ona görə də Təl-Əvivə “dur” deyir. İsrailin indiki mərhələdən sonra birdən-birə geri çəkilməsi isə inandırıcı görünmür. Ümumiyyətlə, ABŞ birbaşa müharibədən çəkinir. Bayden hakimiyyəti öz proksiləri vasitəsilə rəqiblərini zəiflətmək yolunu seçir. Ağ Evin bu siyasəti, əlbəttə, ABŞ-nin digər dövlətlərlə ikitərəfli münasibətlərinə də təsir edir. Ankara və Vaşinqton Yaxın Şərqlə bağlı fərqli mövqelərdədirlər. Bu isə istər-istəməz tərəflər arasındakı ikitərəfli münasibətlərə də təsir edir.

Əslində, tərəflər arasındakı fikir ayrılığı özünü digər regionlarda, o cümlədən Şərqi Avropa və Cənubi Qafqazda da göstərir. Bu mənada, tərəflərin bəzi ikitərəfli məsələlərdə, o cümlədən F-16 qırıcılarının Türkiyəyə tədarükündə qismən razılıq əldə etmələrinə baxmayaq, "soyuq küləklərin" yaxın vaxtda səngiyəcəyi ağlabatan görünmür.

Hər ötən gün Yaxın Şərqdəki sülh imkanını azaldır. Bu isə rəsmi Ankaranın da bölgədəki maraqlarına uyğun deyil. Döyüşlərin miqyasının gələcəkdə daha da genişlənəcəyi mümkündür. Bu isə Türkiyə-ABŞ münasibətlərində gərginliyin artmasına səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi