Yuxarı

25 yaşlı MDB: həll edilməmiş münaqişələr, itən inam - ŞƏRH

BMT-nin açarı 5 ölkədə, MDB-nin açarı isə birindədir

Bakı. 19 sentyabr. REPORT.AZ/ Qırğız Respublikasının paytaxtı Bişkekdə MDB Dövlət Başçıları Şurasının 25-ci sammiti keçirilib. Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Yubiley tədbirinə Rusiyanın dövlət başçısı Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Tacikistan rəhbəri İmomali Rahmon, Belarus prezidenti Aleksandr Lukaşenko, Ermənistanın dövlət başçısı Serj Sarqsyan da qatılıb. Sammitdə Özbəkistanı xarici işlər naziri Abduləziz Kamilov, Moldovanı baş nazir Pavel Filip, Ukraynanı Qırğız Respublikasındakı səfiri Nikolay Doroşenko, Türkmənistanı isə Nazirlər Kabineti sədrinin müavini təmsil edib.

İclasda dövlət başçılarının bir sıra bəyanatlar veriblər, sənədlər qəbul ediblər. Eyni zamanda, Gəncə şəhəri MDB-nin mədəniyyət paytaxtı elan olunub. Toplantıda qəbul edilən qərara əsasən, birliyin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2017-ci ilin aprelində Özbəkistanda keçiriləcək. Moldova imtina etdiyindən 2017-ci ildə MDB-yə sədrliyi Rusiya edəcək.

25 yaşlı MDB keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlikdir. 1991-ci il dekabrın 8-də yaradılan təşkilatın qərargahı Belarus paytaxtı Minsk şəhərində yerləşir.  

Bu birliyi Rusiya, Ukrayna və Belarus təsis edib. Yeri gəlmişkən, SSRİ-ni də ilk olaraq bu üçlük yaratmışdı. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlamış və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təsis etmişdilər. Həmçinin MDB SSRİ-nin "mədəni dağılması"nı, onun mülklərinin keçmiş ittifaq ölkələri arasında paylaşdırılması üçün nəzərdə tutulmuşdu.

Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan MDB-yə qoşuldular. Azərbaycan parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya edib və ölkə MDB-nin tamhüquqlu üzvü olub.

1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rusiya ordusu Abxaziya və Cənubi Osetiyaya daxil olandan sonra qurumun sıralarını tərk edib.

Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.

Ukrayna 2014-cü ilin mart ayında Rusiyanın Krımı ilhaqından sonra birlikdən çıxdığını elan etsə də, indiyədək bu barədə rəsmi müraciət ünvanlamayıb.

MDB-nin Nizamnaməsində dövlətlərin aşağıdakı sahələr üzrə birgə fəaliyyəti nəzərdə tutulur:

- İnsan hüquq və azadlıqlarının təmin olunması;

- Xarici siyasət fəaliyyətinin əlaqələndirilməsi;

- Ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi;

- Əhalinin sağlamlığının və ətraf mühitin qorunması;

- Sosial və immiqrasiya siyasəti məsələləri;

- Mütəşəkkil cinayətkarlıqla mübarizə;

- Müdafiə siyasətində və xarici sərhədlərin mühafizəsində əməkdaşlıq.

Qurumun Müdafiə Nazirləri Şurası 1992-ci il fevralın 14-də təsis edilib. Ermənistan, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan və 1993-cü ildən isə Qırğız Respublikası bu şuranın üzvləridir. 1994-cü ildə Müdafiə Nazirləri Şurası haqqında yeni sənəd qəbul olunub və Azərbaycan, Belarus və Gürcüstan da quruma qoşulub. 2000-ci ildən isə Gürcüstan bu orqandakı fəaliyyətini dayandırıb. Hazırda Gürcüstan, Moldova, Türkmənistan, Ukrayna bu şuranın üzvü deyil.

MDB-nın fəal üzvləri Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Ermənistan və Tacikistandır. Azərbaycan, Özbəkistan və Türkmənistan birlik çərçivəsində əməkdaşlığı məhdudlaşdırır. Moldova və Ukrayna Avropa İttifaqı ilə Assosiasiya haqda saziş imzaladıqdan sonra qurumda fəaliyyətlərini daha da məhdudlaşdırıblar.

Ötən 25 ildə MDB nəyə nail olub? Gürcüstan qurumun sıralarını tərk edib, Ukrayna üzvlükdən çıxdığını bəyan edib. Türkmənistan isə tamhüquqlu üzvlüyə tələsmir.

Azərbaycan və Moldovanın ərazi bütövlüyü hələ də təmin edilməyib. Qurumdan çıxan Gürcüstan torpaqlarını itirmək təhlükəsi ilə üzləşib, birlikdən çıxdığını elan edən Ukraynanın ərazisi ilhaq olunub.

MDB yalnız keçmiş müttəfiq respublikaların rəsmilərinin görüş meydanı, problemlərinin müzakirə məkanıdır. Birlik bir sıra göstəricilərinə görə BMT-yə oxşayır. Çünki bu beynəlxalq təşkilat da Azərbaycanın, Moldovanın ərazi bütövlüyünü təmin etməkdə gücsüzdür. Bu da quruma onsuz da əvvəldən çox da böyük olmayan inamı getdikcə azaldır. BMT-nin açarı 5 ölkədədir. MDB-nin açarı isə birindədir. O da istəməzsə, bu birlik mövcudluğunu itirər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi