​2014-cü ilin başlıca hadisələrinə baxış

​2014-cü ilin başlıca hadisələrinə baxış Ötən il dünyada baş verən, həlli növbəti, bəlkə də ondan sonrakı illərə qalan on başlıca məsələ haqda dəyərləndirməmizi diqqətinizə çatdırırıq
Analitika
30 Dekabr , 2014 20:57
​2014-cü ilin başlıca hadisələrinə baxış

Bakı. 30 dekabr. REPORT.AZ/ 2015-ci ilin başlanmasına sayılı saatlar qalıb. Ötən il dünyada baş verən, həlli növbəti, bəlkə də ondan sonrakı illərə qalan on başlıca məsələ barədəki dəyərləndirməmizi diqqətinizə çatdırırıq.

Yüz il əvvəl, 1914-cü il iyunun 28-də Avstriya-Macarıstan şahzadəsi Frans Ferdenantın Sarayevo şəhərində serb tələbə tərəfindən öldürülməsi I Dünya müharibəsinin başlamasına vəsilə olub.

Həmin savaşın əsas oyunçuları - Britaniya, Almaniya, Fransa, Rusiya bu gün də dünyanın siyasi səhnəsində var. Osmanlı və Astriya-Macarıstan isə artıq mövcud deyil. Yeri gəlmişkən, Osmanlı torpaqları itirildikdən sonra yerində Türkiyə Cümhuriyyəti quruldu. Yüz il sonra bu cümhuriyyətin ərazisi, təhlükəsizliyi yenə təhdid edilməkdədir.

I Dünya müharibəsinin serblərə, slavyanlara aid olduğunu nəzərə alsaq, SSRİ dağıldıqdan sonra Avropada ilk parçalanma hadisəsi yenə slavyanların payına düşdü. Bu hadisələrdən təxminən 15 il sonra ona yaxın bölgədə - Ukraynada proses başlayıb.

2013-cü ilin sonunda Kiyevdə başlayan "Maydan" hərəkatı nəticəsində Ukraynada baş verən qarşıdurmalar ziddiyyətləri kəskinləşdirdi. 2014-cü il fevralın sonunda Ukrayna prezidenti Viktor Yanukoviç ölkəsini tərk edərək Rusiyaya sığındı.

Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, "Maydan" hadisələrində 106 nəfər ölüb.

Rusiya Krımı işğal etdi. Moskva adanı Ukraynanın tərkib hissəsi sayanlara, xüsusilə Krım türklərinə (tatarlar) qarşı təzyiqi artırdı. Hazırda Rusiya Krım türklərinin milli lideri Mustafa Cəmilovun adaya getməsini qadağan edib. İctimai fəal tatarlara qarşı repressiyaların artdığı haqda xəbərlər yayılmaqdadır.

Kremlin Ukraynada baş verənlərə müdaxiləsi ölkənin şərq rayonlarında silahlı qarşıdurmaya səbəb olub. Ukrayna ərazi bütövlüyünü qorumaq üçün bölgədə antiterror əməliyyatları həyata keçirməyə başlayıb. BMT-nin məlumatına görə, 2014-cü il aprelin ortalarından dekabrın 12-dək həmin ərazidə 4707 nəfər öldürülüb, 10 322 nəfər yaralanıb.

Ukraynada baş verən hadisələr Qərb-Rusiya münasibətlərinin kəskinləşməsinə vəsilə olub.

Bu, ABŞ, eləcə də Avropa Birliyi ilə Rusiya arasındakı münasibətləri daha da gərginləşdirib. Düzdür, bu münasibətlər elə əvvəl də normal deyildi, ancaq Rusiyanın "G8"dən çıxarılaraq birliyin yenidən "G7" adlandırılması vəziyyətin xoşagələn olmayacağını proqnozlaşdırmağa imkan verir.

Ukraynanın daxili işlərinə müdaxiləsi, Krımın işğalı, ölkədəki separatçılara hərtərəfli yardımı ABŞ və Avropa Birliyinə üzv dövlətlərin Rusiyaya, bu ölkənin siyasi, ictimai liderlərinə, şirkətlərinə və iş adamlarına qarşı sanksiyaların tətbiq edilməsinə səbəb olub.

Qeyd edək ki, hazırda dünyada iqtisadi sanksiyalar ən güclü silahdır. Bu özünü Rusiya rublunun qiymətdən düşməsində və ölkə iqtisadiyyatının tənəzzül etməsində açıq-aydın göstərməkdədir.

Rusiya rublunun qiymətdən düşməsi bu ölkə iqtisadiyyatının vəziyyətini ağırlaşdırdı. Məsələn, Rusiya Mərkəzi Bankı bu məqsədlə 2014-cü il başlayandan dekabrın əvvəlinədək 70 milyard dollar xərcləyib.

Rusiya ətrafında baş verənlər gələn il üçün yeni "soyuq müharibə"nin əsasını qoyub. ABŞ-la keçmiş SSRİ arasındakı oxşar qarşıdurmanın müddətini nəzərə alsaq, "yeni"sinin də uzunmüddətli olacağı istisna edilmir.

Dünyada baş verən bütün hadisələrdə Rusiyanın imzası və rolu görünür və bunu daha bir müddət də görünəcəyini ehtimal etmək olar.

SSRİ dağıldıqdan sonra dünyada "əl-Qaidə", onun ardınca "Taliban" xofu yaranıb.

Bu il isə onlara “İraq Şam İslam Dövləti” (İŞİD) də əlavə edilib. İraq və Suriya ərazısındə onun birdən "peyda" olması dünya ictimaiyyətində müəyyən çaşqınlıq yaratsa da onun varlığı Suriyadakı hadisələr zamanı açıq-aşkar görünməyə başlayıb.

İŞİD haqda qısa xatırlama. İraq və Suriya ərazisində yaranan silahlı qruplaşma 2014-cü il yanvarın 3-də öz müstəqilliyini, iyunun 29-da isə yeni “xilafət” yaratdığını eldan edib.

İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan silahlı qruplaşma 2004-cü ilin oktyabrında “əl-Qaidə”yə bağlı olduğunu bildirsə də, “Tanzim Qaidat əl-Cihad fi Bilad əl-Rafidayn” (daha çox “İraq "əl-Qaidə"si” adı ilə tanındı) adını götürdü.

2006-cı ilin yanvarında “Ceyşət-Taifa əl-Mənsur”, “Ceyş Əhli-Sünnə vəl-Camaa”, “Ceyşəl-fatihin”, “Cund əs-Səhabə” kimi kiçik qruplar birləşərək “Mücahidun Şura”sını yaratdı.

İraqda gedən hərbi qarşıdurmanınn qızğın dövründə ölkənin Anbar, Ninəva, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində fəallıq göstərən bu silahlı qruplaşma 2006-cı il oktyabrın 15-də Bakubə şəhərini İŞİD-in paytaxtı elan edib.

2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının mindən yuxarı olduğu bildirilirdi. ABŞ ordusu İraqdan çıxandan sonra onların sayının bir neçə dəfə artdığı deyilir.

2012-ci ilin əvvəlində isə bu təşkilat Suriyada “ən-Nusra”nı İŞİD-in Suriya “qanadı” elan edib.

İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadidir.

İslam adı altında fəaliyyət göstərən bu silahlı qrpulaşma dünyanın bütün dövlətlərini hədələyir. Bəyanatları “əl-Qaidə”, “Taliban”ı xatrılatdığından onların arxasında eyni qüvvələrin durduğu istisna edilmir. Hələlik İŞİD-i dəstəkləyən dövlətlər haqda yalnız ehtimallar mövcuddur.

Yeri gəlmişkən, 2015-ci ildə ABŞ-ın müdafiə xərcləri 514 milyard dollar təşkil edəcək. 63,7 milyard dolları isə Əfqanıstan, İraq və Suriyadakı hərbi əməliyyatlara ayrılacaq. Büdcənin 3 milyard doları yalnız İŞİD-ə qarşı mübarizəyə nəzərdə tutulub. ABŞ hakimiyyəti bu silahlı qruplaşmanın azı 3-4 ilə zərərsizləşdiriləcəyini proqnozlaşdırıb.

Nəzarəti altına aldığı İraq ərazisindən İŞİD-in “qara bazar”a xam neft çıxardığı haqda məlumatlar yayılıb. Neftin barelini 25-30 dollara satan İŞİD neft satışından günə 2 milyon dollar qazanır. Təşkilatın illik gəliri 365 milyon dolları ötür.Terror təşkilatı üçün daha bir maliyyə mənbəyi Suriyanın şimalındakı neft yataqlarıdır. İŞİD bu yataqlar üzərində nəzarəti ələ ala bilib.

İŞİD-çilər İraq və Suriyada 11 neft yatağına nəzarət edir.

“Forbes” jurnalı dünyanın ən varlı terror təşkilatlarının siyahısını açıqlayıb. İlk “onluq”da İslam adı altında fəaliyyət göstərən 8 terror təşkilatı var. Birinci yerdə İŞİD durur. Bu təşkilatın 2 milyard dolları var. Gündə təxminən 30 min barel neft satdığı ehtimal edilir. İŞİD-in indiki hesabatla ayda 600 dollar maaşla il boyunca 60 min üzvünü təmin etmək imkanına malik sayıldığı ehtimal olunur.

İŞİD-in neftdən qazanması, Rusiyanın Ukraynaya yönəlik siyasəti Kremlə, onu dəstəkləyənlərə qarşı sanksiya və neftin qiymətinin ucuzlaşması ilə müşahidə edilir. Bu il ərzində neftin qiyməti 50%-ə yaxın ucuzlaşıb.
“Qara qızıl” ucuzlaşdıqca dünyanın ən iri neft şirkətləri işçilərini ixtisar etməyə başlayıb.

Buna bir örnək. “Brindex” müstəqil neft kəşfiyyatçıları assosiyasiyasının sədri Robin Allanın sözlərinə görə, sənaye "çökmək astanasında"dır.

Onun sözlərinə görə, neftin qiyməti bir barel üçün 60 dollar göstəricisindən aşağı düşdüyü halda, Şimal dənizindəki yeni neft layihələri gəlirliyini itirir.

"Bu qiymətlərlə iş qurmaq mümkün deyil", - “Brindex”in sədri və “Premier Oil” şirkətinin direktoru R.Allan BBC-yə bildirib.

"Dərin böhrandayıq. Sənaye yeni şəraitə alışmağa çalışır, lakin bunun üçün işçiləri, layihələri, xərcləri ixtisar etmək lazımdır - bu, həm işçilər, həm şirkət, həm də ölkə üçün ağrıvericidir. Yeni investisiyalar baxımından vəziyyət iflasa yaxındır - hamı zərərdədir, işçilər, gələn ilin büdcəsi ixtisar olunur", - R.Allan deyib.

Bu arada ABŞ-da mənzillənən “ConocoPhillips” neft nəhəngi Britaniyadakı layihələrində 1650 iş yerindən 250-sini ixtisara salıb.

Neft yataqlarında xidmət işləri görən, Texasda mənzillənmiş "Schlumberger" şirkəti 800 milyon dollar zərərə düşdüyündən Britaniyadakı geoloji kəşfiyyat gəmiləri donanmasını dekabr ayında ixtisara salmalı olub.

Britaniya iddia edir ki, neft və qaz istehsalı 1999-cu ildən azalmaqdadır.

Yalnız 2013-cü ildə sənayeyə rekord dərəcədə investisiyalar qoyulması sayəsində bu azalmanı ləngitmək mümkün olub. Ehtiyatları tükənən Şimal dənizinə söykənən Britaniyanın neft sənayesi ümidlərini yeni investisiyalara bəsləyir, ancaq neftin dünyada ucuzlaşması həmin ümidlərə kölgə salıb.

Həmin ərazi isə Şotlandiyanındır. 2014-cü ili Britaniyanın şotland vətəndaşları üçün də uğurlu saymaq olar. Düzdür, sentyabrın 18-də keçirilən müstəqillik haqqında referendumun nəticələri şotlandlar üçün son nəticəni vermədi. Səsvermədə iştirak edən seçicilərin 2 milyon 1926 nəfəri (55,3%) “müstəqilliyə” “yox” deyib.

Yeri gəlmişkən, Şotlandiya 1707-ci ildən Böyük Britaniyanın tərkibinə daxil edilib, 1997-ci ildə isə muxtariyyət alıb.

Sentyabrın 18-də keçirilən sorğunun nəticəsi müsbət olsa idi, 2016-cı il martın 24-də Şotlandiya müstəqil dövlət olacaqdı.

İngiltərənin baş naziri David Kameron referendumun nəticələrini şərh edərkən demişdi: "Biz Şotlandiya parlamentində Millətçilər Partiyasının çoxluğuna hörmət edərək, şotland xalqına fikrini ifadə etməyə imkanı yaratmaqla düz elədik. Biz xalqın istəyini eşitdik. Onlar dörd millətdən ibarət olan bizim dövləti milyonlarla insanlar kimi saxladılar və mən xoşbəxtəm", - o deyib.

Onun sözlərinə görə, beləliklə, şotlandlar öz işlərində qərar daha çox qərar vermək səlahiyyəti qazanacaqlar, eləcə də İngiltərə, Uels və Şimali İrlandiya öz qərarlarında sərbəst olmalıdır.

"Şotlandiya üçün özünüidarənin gələcək inkişafı layihəsi yanvarda yayımlanacaq", - baş nazir qeyd edib.

Şotlandiyadakı referendum Avropada milli müqəddəratı təyinetmə məsələsinin hələ öz həllini tapmadığını və onun zaman-zaman siyasi səhnəyə gətiriləcəyini təsdiqlədi.

Bu il Rusiyanın müttəfiqi, ABŞ-ın isə “şər”, “beynəlxalq terrorçuluğu dəstəkləyən” adlandırdığı İran İslam Respublikası ilə Birləşmiş Ştatlar arasında Tehranın nüvə problemi ilə bağlı danışıqlar çərçivəsində görüşlər intensivləşib. Əvvəllər belə görüşlər ya ictimaiyyətdən gizli saxlanılır, ya da kuluarlarda keçirilirdi. Bu il isə ABŞ-İran danışıqları artıq kimsəyə qeyri-adi təsir bağışlamadı. Başqa sözlə, qarşıdan gələn il Vaşinqton-Tehran görüşlərinin daha intensivləşəcəyi və başqa mövzuları da əhatə edəcəyi istisna edilimir.

Bu il iyunun 24-də İranın nüvə məsələsi həlledici olmal idi. Ancaq bu danışıqlar nəticəsiz, tərəflərin istəkləri təmin olunmadan başa çatdı. Noyabrın 24-də Vyanada İranla "altılıq" ölkələri (ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında danışıqlarda müddətin daha 7 ay uzadılması haqda razılaşma əldə edildi. Bununla belə, İrana tətbiq edilən sanksiyaların yumşalması nəticəsində ölkə iqtisadiyyatı hər ay 700 milyon dollar qazanacaq.

İranın nüvə problemində tərəflərin qarşılıqlı güzəştə getməsi ehtimalı az deyil. Tehranın nüvə yanacağını istehsal etməyib, onu idxal edə bilər. Bu Tehranda tələb olunan əsas şərtlərdəndir.

“Reuters”un məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) bildirib ki, İran uranın 5 faizdən yüksək səviyyədə zənginləşdirməsı işini aparmır. Eləcə də sentrifuqaların sayını azaldıb. Məlumata əsasən, İran tərəfi 25 kq uranı 20% səviyyəsinədək zənginləşdirib. Bu materialı hər ay 5 kq olmaqla məhv etməlidir.

İrana qarşı sanksiyaların yumşaldılması və onun birdəfəlik ləğv edilməsi Tehran-Moskva münasibətlərindən asılı olacağı istisna edilmir. Düzdür, BMT-nin İrana qarşı tətbiq etdiyi sanksiyalara Rusiya da səs verib, ancaq Moskva diplomatik məsələlərdə Tehranı həmişə dəstəkləyib. Kremlin buna arxayın olduğunu da ehtimal etmək olar.

İlin sonlarında ABŞ-la keçmiş SSRİ arasında olan ziddiyyətin biri də sona çatmaq üzrədir.

ABŞ Kubaya qarşı ticarət embarqosunu yumşaltmaq və rəsmi Havana ilə diplomatik münasibətləri bərpa etmək niyyətindədir. Hər ikiölkənin lideri bunula bağlı açıqlama verib.

ABŞ 1961-ci ildə bağlanan Havanadakı səfirliyini açmaqla yanaşı fərdi evlərin tikilməsi üçün inşaat materiallarına, bir sıra istehlak mallarına, xırda fermalar üçün texnika ixracatına məhdudiyyəti aradan qaldırmaq niyyətindədir. Həmçinin ölkələr arasında bəzi maliyyəəməliyyatlarının keçirilməsi də mümkün olacaq.

5 il öncə Kubada həbs edilərək, 15 il azadlıqdan məhrum olunmuş ABŞ vətəndaşı Alan Qross sərbəst buraxılıb.

Onun qanunsuz yola Havanaya çanaq antenası qurğusunu keçirməsi ABŞ-la Kuba arasında danışıqların baş tutması üçün əsas əngəl sayılırdı.

Vaşınqton bildirib ki, yaxın günlərdə ABŞ-ın Kubada səfirliyi açıla bilər. ABŞ Kubanın xeyrinə casusluqda ittiham olunan üç kubalını Floridada azad edib.

Kuba ilə ABŞ arasında bank və ticarət münasibətlərinin normallaşdırılması gözlənilən vacib addımlardan sayılır.

ABŞ-ın Kubaya qarşı embarqosunun götürülməsi nəticəsində Kuba ABŞ-a siqar satışından ildə 200 milyon dollar qazana bilər.

“Reuters”in məlumatına görə, tezliklə tətbiq olunacaq yeni qaydalara görə, ABŞöz vətəndşalarına Kubaya səyahət etməyi də asanlaşdırcaq və amerikalılar geri qayıdanda özləri ilə 100 dollara qədər tütün məhsulu və spirtli içkilər alıb, gətirə bilər.

ABŞ-a keçən il 317 milyon ən yüksək keyfiyyətli siqar idxal olunub.

Kuba siqarları bu bazarda Dominikan Respublikası və Nikaraqua siqarlarının kəskin rəqabəti ilə qarşılaşacaq.

Bu il Ebola viriusu dünya üçün Afrikanın “hədiyyə"si oldu. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında bildirilib ki, Ebola virusuna yoluxaraq ölənlərin sayı 7373 nəfərə çatıb.

Məlumata əsasən, bu xəstəliyə yoluxanların sayı 19031 nəfər olub.

Ebola virusu tər, qan, ağız suyu yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir. 

Ebola virusuna ilk yoluxma faktı hələ 1976-cı ildə qeydə alınıb. Həmin il Sudanın Nzara bölgəsində və o zamankı Zairin Yambuku rayonunda (indiki Konqo Demokratik Respublikası) ilk virusa yoluxma halları aşkar edilib. Yeni epidemiyaya Yambuku yaxınlığındakı Ebola çayının adı verilib. Epidemiya əsasən Mərkəzi və Qərbi Afrikanın tropik meşələrə yaxın kənd ərazilərində yayılmağa başlayıb. Sonuncu yayılma dalğası isə bu ilin martından etibarən Qərbi Afrika, xüsusilə Qvineya, Sierra Leone və Liberiyada başlanıb.

Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adını alıb. Bu virusun 5 müxtəlif tipi var və ona yoluxanların həyatda qalma şansı 25 faizdən 90 faizədək dəyişir".

1.Ebola virusu insanlara əsasən qan və digər bədəndaxili mayelər, eləcə də həmin virusun daşıyıcısı olan heyvanlardan keçir. Yarasa, meymun və digər heyvan növləri bu virusun daşıyıcısı ola bilər,

2.Ebola insandan insana qan və bədəndaxili başqa mayelər və əlaqə yolu ilə keçir, 

3.Dəfn mərasimlərində ölü insana toxunmaq yolu ilə də Ebolaya yoluxmaq mümkündür,

4.Virusun inkubasiya müddəti (infeksiyaya yoluxma anı ilə xəstəliyin əlamətlərinin müşahidə olunması arasındakı müddət ) iki gündən 21 gün arasında dəyişə bilir,

5.İnsanlar qanlarında və daxili əzalarında bu virusu daşıdıqları müddət ərzində infeksiya daşıyıcısı hesab olunurlar.

Bu il Avropanın təbii qazla təmin edilməsi üçün yeni layihənin təməli qoyulub. Sentyabrın 20-də Səngəçal terminalında Gürcüstan və Türkiyə üzərindən Avropaya qaz nəqlini təmin edəcək "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimi keçirilib.

ARDNŞ prezidenti Rövnəq Abdullayev kəmər vasitəsilə “Şahdəniz” yatağından hasil olan qazın 2019-cu ildə Avropaya çatdırılacağını bildirib.

Yeni ixrac kəməri Bakı-Tbilisi-Ərzurum kəmərinə paralel çəkilərək Gürcüstandakı qaz infrastrukturuna bağlanılacaq. Daha sonra isə qaz Türkiyədə tikiləcək TANAP kəməri ilə Qərbə ötürülməlidir.

Səngəçal terminalında keçirilən təməlqoyma mərasiminə qatılan Prezident İlham Əliyev və xarici hökumət nümayəndələri borunun üzərinə imza atıblar. "Cənub Qaz Dəhlizi" ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır, Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.

"Cənub Qaz Dəhlizi" boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Prezident İlham Əliyev tədbirdəki çıxışında deyib ki, bu layihə Avropanın enerji xəritəsini dəyişəcək: “Bu layihənin Azərbaycan üçün faydası var. Kəmər qaz resurslarımızı dünya bazarına çıxarmağa imkan verəcək. Bu layihə ilə tranzit ölkələrə yeni imkan yaranır, istehlakçı ölkələr yeni mənbə əldə edir. Əslində bu, yeni əsrin layihəsidir. Ən azı 100 il ərzində layihə iştirakçısı olan bütün ölkələr fayda götürəcəklər”.

20 il əvvəl “Əsrin müqaviləsi”nin imzalandığını, daha sonra Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı boru kəmərinin çəkildiyini xatırladan dövlət başçısı bildirib ki, yeni komanda yeni layihənin əsasını qoyur: “Burada uduzan tərəf yoxdur”.

Avropa Komissiyasının sabiq prezidenti Joze Manuel Barrozo deyib ki, "Cənub Qaz Dəhlizi" 5 il sonra bitdikdən sonra 2 min km uzunluğunda nəhəng bir dəhliz olacaq: “Bu, tək kəmər deyil, geostrateji bir layihə olacaq. Siz bizim enerji təhlükəsizliyimizə töhfə verirsiniz. Bu, XXI əsrin layihəsi olacaq. Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkür edirəm. Avropa Birliyi Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək əzmindədir. Avropa Birliyi bu layihəni dəstəkləyəcək. Mən Azərbaycanın dostu olaraq bu layihəni yaxından izləyəcəyəm”.

Yayılan xəbərlərə əsasən, bunun üçün bir sıra mövcud infrastrukturun genişləndirilməsi və yeni boru kəmərləri zəncirinin inşa edilməsi tələb olunur:

Mövcud Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək;

Trans Anadolu Boru Kəməri (TANAP) "Şahdəniz" qazını Türkiyə ərazisi boyunca nəql edəcək;

Trans Adriatik Boru Kəməri (TAP) qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək.

Bu layihələr birlikdə "Cənub Qaz Dəhlizi" kimi tanınır. Ola bilsin ki, bu, dünya neft-qaz sənayesində indiyədək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Eyni zamanda bu, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir.

Beləliklə, yola salacağımız ildə baş verənlər əsasında demək olar ki, 2015-ci ildə də dünyanı yeni “sürprizlər” gözləyir.

Son xəbərlər

Orphus sistemi