Zelenski Azərbaycanın ölkəsinə əlavə yardım göstərəcəyinə ümid edir

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın qış ərəfəsində ölkəsinin kritik infrastrukturuna və logistikasına əlavə dəstək göstərəcəyinə ümid edir.

"Report" xəbər verir ki, bu barədə o Dublində Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün yekunlarına dair sosial şəbəkələrdə yazıb.

V.Zelenskinin sözlərinə görə, prezidentlər ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərini, eləcə də Azərbaycan biznesinin Ukraynadakı fəaliyyətini müzakirə ediblər. Zelenski Rusiyanın zərbələrinə baxmayaraq, ölkədə fəaliyyətini davam etdirən şirkətlərə minnətdarlığını bildirib.

"Ukraynadakı vəziyyəti, həmçinin Rusiyanın fasiləsiz hücumları nəticəsində energetika və nəqliyyat sistemində yaranmış problemləri ətraflı müzakirə etdik. Qış ərəfəsində Azərbaycanın Ukraynanın kritik infrastrukturuna və logistikasına dəstək göstərmək üçün yenidən imkan tapacağı təqdirdə minnətdar olarıq. Komandalarımıza bu məsələnin üzərində işləməyi tapşırdıq", - V.Zelenski yazıb.

Digər xəbərlər