Gələn il Bakıda keçirilməsi planlaşdırılan BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) dünya şəhərsalma trendlərinin paylaşılması üçün mühüm platforma olacaq.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması böyük əhəmiyyət kəsb edən, mühüm qərardır:
"Bu təşəbbüs Azərbaycanın şəhərsalma sahəsində strateji inkişafına verilən yüksək önəmin təzahürüdür və gələcək nəsillər üçün daha müasir, komfortlu və davamlı yaşayış mühitlərinin yaradılmasına zəmin hazırlayır".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan həm regionda, həm də dünya miqyasında şəhərsalma və memarlıq sahəsində nümunəvi təcrübələrə imza atır:
"Bu istiqamətdə ölkəmizdə aparılan islahatlar, abadlıq-quruculuq işləri və memarlıq incilərimizin qorunub saxlanılması böyük önəm daşıyır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində abidələrimizin bərpası və qorunması milli irsimizin yaşadılması üçün vacib addımlardandır".
Fatma Yıldırım həmçinin vurğulayıb ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakıda keçirilməsi Azərbaycanın şəhərsalma sahəsində beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir:
"Bu forum dünya şəhərsalma trendlərinin, innovativ həllərin və təcrübələrin paylaşılması üçün əhəmiyyətli platforma olacaq. Dövlət başçısının rəhbərliyi altında Azərbaycan şəhərsalma və memarlıq sahəsində davamlı inkişaf yolunu seçərək həm tarixi-mədəni irsimizi qoruyur, həm də gələcək üçün müasir şəhər mühiti yaradır. Bu təşəbbüsün ölkəmizin gələcəyi üçün uğurlu və faydalı olacağına əminliklə inanıram".