“Baykar” şirkəti bizim milli qürurumuzdur. Dünyada oxşar məhsulları istehsal edən şirkətlər arasında “Bayrak”ın özünəməxsus yeri var”.
“Report” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.
O bildirib ki, Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsal etməsinin tənqid olunması doğru deyil.
Nazir söyləyib ki, Türkiyə istehsalı olan PUA-lar İkinci Qarabağ müharibəsində, Azərbaycanın qələbə qazanmasında böyük rol oynayıb.
“Bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edəndə 30 illik zülmün başa çatdığını görürük”, - V.Kirişçi vurğulayıb.
Onun sözlərinə görə, müxalifət hazırda Ədalət və İnkişaf Partiyasını, hökuməti müxtəlif məsələlərdə ittiham edir: “Bu iddiaların hamısı əsassızdır. Onlar milləti yox, öz mənfəətlərini düşünürlər. Dünyanın hər bir ölkəsində bu cür işlərlə özəl sektor məşğul olur. Odur ki, müxalifətin fikirlərini əsassız hesab edirəm. Bizim müdafiə sənayesi sahəsindəki uğurlarımız göz önündədir”.
Nazir, həmçinin Türkiyənin yerli istehsalı olan “Togg” avtomobili barədə də danışıb: ““Togg” bizim milli qürur mənbəyimizdir. Ölkəmiz mövcud olduğu müddət ərzində bu avtomobil bizim ən vacib dəyərimiz olaraq qalacaq. “Togg” sadəcə avtomobil yox, həm də ağıllı cihazdır. Bu cihazın həm də havada hərəkət edənlərini görəcəyik. İnşallah, gənclərimiz bu xəyalları gerçəkləşdirəcəklər”.
V.Kirişci xatırladıb ki, əvvəllər xarici ölkələrə səfər zamanı həmin ölkələrin yerli istehsallı avtomobillərini görür, qibtə edirdilər: “İndi isə artıq bizim öz avtomobilimiz var. Müxalifətin “Togg”u soğanla müqayisə etməsi, əlbəttə, doğru deyil. Bu, məni narahat edir. Soğan qida məhsuludur. “Togg” isə texnoloji yenilikdir”.