Türkiyəli minatəmizləyən: "Qarabağda aparılan quruculuq işlərini gördükcə qürur hissi keçirirəm"

"Qarabağda aparılan quruculuq işlərini gördükcə qürur hissi keçirirəm".

Bunu "Report"un Qarabağ bürosuna minatəmizləmə üzrə türkiyəli ekspert Engin Özdemir Ağdamda keçirilən "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum çərçivəsində deyib.

O bildirib ki, türkiyəli mütəxəssis olaraq Ağdamda minatəmizləmə prosesinə dəstək verirlər: "2021 və 2022-ci illərdə Füzulidə də minatəmizləmə işləri apardıq. Ağdam da isə ilk dəfədir oluram. Deyərdim ki, Qarabağın hər yerində eyni mənzərədir. Hər tərəf xarabalığa bənzəyir. Ancaq son zamanlarda aparılan quruculuq səbəbilə çox böyük irəliləyişləri görürük. Qarabağda aparılan quruculuq işlərini gördükcə çox böyük xoşbəxtlik hissi keçirirəm, adamın köksü qürurla dolur. İnşallah, qısa zamanda bu yerlərdəki mina bəlasından azad olacağıq. İnsanların tez bir zamanda buraya köçürüləcəyinə inanıram".

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyilə dünən Bakıda start götürən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum bu gün işğaldan azad edilən Ağdam şəhərində davam etdirilir.

Digər xəbərlər