Tobias Lorentsson: NATO və Azərbaycan 2026-cı ildə fəal dialoqu davam etdirəcək

NATO 2026-cı ildə Azərbaycanla fəal dialoqu davam etdirəcək.

Bunu "Report"a müsahibəsində İsveçin Azərbaycandakı səfiri, NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliklərinin rəhbərlərindən biri Tobias Lorentsson deyib.

Ümumilikdə Alyans və Azərbaycan arasında qarşılıqlı əlaqələrə toxunan Lorentsson NATO rəsmiləri ilə onların azərbaycanlı həmkarları arasında yüksək səviyyəli müntəzəm siyasi əlaqələrin həyata keçirildiyini vurğulayıb:

"Bu əlaqələrin qarşıdan gələn 2026-cı ildə davam edəcəyi gözlənilir".

O deyib ki, NATO üzvü olan 15 ölkənin, o cümlədən İsveç və Slovakiyanın daimi nümayəndələrindən ibarət heyət 2025-ci il noyabrın əvvəlində Bakıya səfər edib. Səfər zamanı NATO-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi perspektivlərindən regional təhlükəsizlik və qarşılıqlı fəaliyyət məsələlərinə qədər bir çox mövzular müzakirə olunub.

"Səfər zamanı nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşlər keçirib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə də xüsusi diqqət yetirilib", - səfir qeyd edib

O əlavə edib ki, hazırda NATO Azərbaycanda nümayəndəlik açmağı planlaşdırmır: "NATO-nun Cənubi Qafqazda bir Əlaqələndirmə Ofisi var. Tbilisidə yerləşən bu nümayəndəlik təkcə Gürcüstanı deyil, həm də Azərbaycan və Ermənistanı əhatə edir. Hazırda Bakıda analoji nümayəndəliyin açılması planlaşdırılmır".

Səfirlərlə müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Digər xəbərlər