Nazir müavini: Qazaxıstan Almatı Prosesinə üzv dövlətlərin sayının artırılmasına çalışacaq

Qazaxıstanın Almatı Prosesinə sədrlik dövründə qarşısına qoyacağı məqsədlərdən biri də üzv dövlətlərin və iştirakçıların sayının artırılması olacaq.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Askarbek Yertaev Almatı Prosesinin III Nazirlər Konfransında deyib.

Onun sözlərinə görə, dünyada baş verən hərbi münaqişələr, texnogen hadisələr insanların miqrasiya etməsinə səbəb olur: 

"Qazaxıstanda miqrasiya sahəsində müsbət dinamika müşahidə olunur. Ölkədə 17 min miqrantın olduğu müəyyən edilib. Onların əksəriyyəti MDB ölkələri və Çindən gələnlərdir. Həmin miqrantlardan böyük qismi təhsil üçün ölkəmizə gəliblər".

Nazir müavini bildirib ki, Qazaxıstan Almatı Prosesinə sədrliyi dövründə beş əsas prioritet sahə üzrə fəaliyyət göstərəcək:

"Bunlar qanuni miqrasiyanın həyata keçirilməsi, miqrantların hüquqlarının müdafiəsi, əmək miqrantlarının inteqrasiyası və xidmətlərə əlçatanlığı təmin etmək, miqrasiya sahəsində statistik məlumatların nizama salınması və Almatı Prosesinə üzv iştirakçıların, eləcə də dövlətlərin sayını artırmaqdır. Biz diasporun da bu prosesə qatılmasına töhfə vermək istəyirik".

A.Yertaev Qazaxıstanın Almatı Prosesinə yeni dinamika gətirəcəyini də vurğulayıb.

Qeyd edək ki, Almatı Prosesinin III Nazirlər Konfransında sədrlik Azərbaycandan Qazaxıstana təhvil veriləcək. Almatı Prosesinə 2023-2024-cü illərdə Azərbaycan sədrlik edib. 

Xəbər lenti