Dünyada sülhü yaratmaq üçün qlobal hərbi xərclərin yarı faizi kifayət edir.
"Report"un məlumatına görə, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Baş katibi Salim bin Məhəmməd əl-Malik Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyası çərçivəsində "Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi" adlı müzakirədə deyib.
Onun sözlərinə görə, bu kimi tədbirlərdə veriləcək qərarlar insanların həyatına müsbət mənada təsir etməlidir:
"Sülh bizə nə üçün lazımdır, sülh həyatı qorumaq üçündür. Bunun üçün birgə proqramlar ümumi məqsədə xidmət etməlidir".
Baş katib həmçinin süni intellekt dövründəki çağırışlar barədə təkliflə də çıxış edib:
"Proqramlarımız mövcud fəaliyyət və gözləntilərlə üst-üstə düşməlidir. Bu mənada ICESCO süni intellekt məsələsində öz təcrübələrini bölüşməyə hazırdır. Bakı prosesi bunun üçün praktiki tribuna rolunu oynaya bilər".
Eyni zamanda Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə yüksək təşkilatçılıq və "Bakı Prosesi" təşəbbüsü üçün təşəkkür edərək ICESCO-nun öz üzərinə düşən bütün öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bildirib.