İƏT Baş katibi: Dinlərin və xalqların birgə yaşayışının Azərbaycan modeli çox yaxşı nümunədir

Müxtəlif dinlərin və xalqların birgə yaşayışının Azərbaycan modeli çox yaxşı nümunədir, çünki dini dözümlülük və qarşılıqlı hörmət olmadan möhkəm sülhə nail olmaq qeyri-mümkündür.

"Report" xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Uld Şeyx Əhməd Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edərkən bildirib.

İƏT-in Baş katibi qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, "Bölünmüş dünyada körpülərin qurulması" mövzusu son dərəcə aktual və vacibdir, bütün dünyada sülhün möhkəmlənməsinə kömək edəcək. O, bu istiqamətdə göstərilən səylərə və görülən işlərə görə Azərbaycana təşəkkür edib.

"Bakı forumu dünyanın müxtəlif ölkələrinin nümayəndələrini birləşdirir. Biz sülh və sabitliyin təmin olunması üçün bütün səylərimizi göstəririk və bundan sonra da göstərməyə davam edəcəyik", - İsmayıl Uld Şeyx Əhməd bildirib.

O vurğulayıb ki, islamofobiya və dinlərlə bağlı məsələlər birinci dərəcəli əhəmiyyət daşıyır, dinc birgəyaşayışın təmin edilməsi üçün isə bütün mövcud səyləri səfərbər etmək lazımdır: "Azərbaycanın birgəyaşayış modeli mükəmməl bir nümunədir. Dinc birgəyaşayış və dini tolerantlıq olmadan irəliləmək mümkün deyil".

Bölünmüş dünyada körpülərin qurulmasından danışan İsmayıl uld Şeyx Əhməd hər kəsin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışmalı olduğunu bildirib. Onun sözlərinə görə, İƏT mədəniyyətlərarası və dinlərarası dialoqa böyük əhəmiyyət verir və ümumi maraqlar naminə səylər göstərməyə davam edəcək.

"İstəklərimizdən biri də odur ki, xalqlar bir-birinə hörmət etsinlər və qarşılıqlı hörmət mühitində birgə yaşasınlar", - o bildirib.

Sonda İsmayıl Uld Şeyx Əhməd İƏT adından Azərbaycan Prezidenti İlham Əliyevə mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafındakı səylərinə, eləcə də verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

Digər xəbərlər