ICESCO hər kəsi uşaqların rəqəmsal mühitdə müdafiəsi üçün birgə səy göstərməyə dəvət edib.
"Report" xəbər verir ki, bunu ICESCO-nun Baş direktorunun müşaviri Amira El Fadil Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, bir çox valideynlər rəqəmsal mühitdə uşaqlarını istiqamətləndirməyə qadir deyil:
"Çünki müasir texnologiyalar uşaqlar tərəfindən valideynlərə nisbətən daha tez mənimsənilir. Bu sahədə çağırışları tək ölkə və qurum həll edə bilməz. Bu sahədə profilaktik tədbirlər, əməkdaşlıq sayəsində atılan addımlar vacib rol oynaya bilər. Bu baxımdan, ICESCO dövlətlərdən tutmuş qeyri-hökumət təşkilatları və texnologiya şirkətlərinədək hər kəsi uşaqların rəqəmsal mühitdə müdafiəsi üçün birgə səy göstərməyə dəvət edir".