Azərbaycan və Surinam Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib
Bildirilib ki, məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə hökumət missiyasının martın 3-5-də Surinama baş tutan səfəri çərçivəsində həyata keçirilib. Missiyanın tərkibində İqtisadiyyat, Energetika, Elm və Təhsil, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “AzerGold” QSC nümayəndələri də olub.
Siyasi məsləhətləşmələrə Azərbaycandan xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Surinamın xarici işlər, beynəlxalq biznez və beynəlxalq əməkdaşlıq nazirinin müavini Miriyam Makkintoş rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ikitətəfli və çoxtərəfli siyasi əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.
Eyni zamanda vurğulanıb ki, Elnur Məmmədov səfər zamanı Surinamın xarici işlər, beynəlxalq biznes və beynəlxalq əməkdaşlıq naziri Albert Ramdin, nazir müavini Miriyam Makkintoş ilə də görüşüb. Görüşlərdə hər iki tərəf üçün maraq doğuran məsələlər, o cümlədən yüksək səviyyəli səfərlərin mübadiləsi, sərmayə, nəqliyyat, yaşıl enerji, humanitar, elm və təhsil, mədəniyyət və digər mümkün sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
Nazir müavini Azərbaycanın xarici siyasət prioritetləri mövzusunda Surinam Xarici İşlər Nazirliyində təqdimatla çıxış edib.
Bundan başqa, hökumət missiyasının üzvləri üçün Surinamın müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri ilə görüşləri təşkil edilib. Müxtəlif sahələrdə investisiya imkanları barədə ətraflı təqdimatlar edilib, əməkdaşlıq perspektivləri haqqında məzmunlu müzakirələr aparılıb.
Səfər zamanı Azərbaycan hökumət missiyasının üzvləri “Staatsoile” dövlət neft şirkətində də görüş keçirib, “Tout Lui Fo” neft emalı zavoduna tanışlıq turu təşkil edilib.