ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə qəbul keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, gecədə Azərbaycanın ABŞ-da Səfirliyi ilə yanaşı bu ölkədəki digər türkdilli ölkələrin diplomatları, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Azərbaycan və digər türk icmalarının nümayəndələri iştirak edib.
Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra çıxış edən Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim bu ilki tədbirin Vaşinqtondakı türk dünyasının təmsilçiləri ilə birlikdə xüsusi olaraq keçirildiyini bildirib. O, Azərbaycanın bu il Türk Dövlətləri Təşkilatına sədrlik etdiyini vurğulayaraq Prezident İlham Əliyevin öz çıxışında təşkilatın Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu vurğuladığını diqqətə çatdırıb. Səfir bu dövlətləri bu gün bir araya toplamaqdan qürur hissi keçirdiyini əlavə edib.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev də çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş tədbirdə iştirak etməkdən çox qürur duyduğunu dilə gətirib. O, ilk dəfə bu il dekabrın 15-nin YUNESKO tərəfindən türk dili ailəsi günü kimi qeyd olunduğunu vurğulayaraq bunun türk mədəniyyəti üçün çox böyük önəm daşıdığını qeyd edib. O, türk dünyasının birlikdə daha güclü olduğunu bəyan edib.
Sonda müğənni Tereza Elizarovanın ifasında Azərbaycanın və digər türkdilli ölkələrin milli musiqiləri ifa olunub. Tədbirdə həmçinin qonaqlara Azərbaycan milli mətbəxinin təamları təqdim edilib.