Bakıda "Avropa viktorinası" 2026 beşinci intellektual müsabiqəsi keçirilir.
"Report" xəbər verir ki, müsabiqə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi tərəfindən Gənc Avropa Səfirləri Şəbəkəsi (GAS) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Builki yarışa maraq rekord səviyyəyə çatıb. Belə ki, iştirak üçün 130-dan çox komanda və 520-dən artıq şəxs müraciət edib.
Müsabiqə ölkənin hər yerindən perspektivli gəncləri - məktəbliləri və ali məktəb tələbələrini bir araya gətirib, Avropa, onun dəyərləri və müxtəlifliyi haqqında biliklərin genişləndirilməsi üçün platforma olub.
Açılış mərasimində çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç qeyd edib ki, Avropa İttifaqı ölkə gənclərini dəstəkləyir, qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsinə çalışır.
Onun sözlərinə görə, məhz gənclər cəmiyyətlər arasında körpülərin qurulmasında mühüm rol oynayır, bu cür təşəbbüslər isə bilik və təcrübə mübadiləsinə kömək edir.
Müsabiqənin finalında 69 iştirakçının təmsil olunduğu 18 komanda iştirak edir. Seçim mərhələlərinin nəticələrinə əsasən finala qalan dörd komanda müəyyən ediləcək.
Qalib komandalara xüsusi mükafatlar verilib, bütün finalçılara isə sertifikatlar təqdim olunub. Mükafatlandırma mərasimində Aİ-nin üzvü olan dövlətlərin səfirləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.