Azərbaycan-Türkiyə-Pakistan birliyi regionda sülh, sabitlik və təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir - RƏY

Azərbaycan-Türkiyə-Pakistan birliyi Yaxın Şərq regionuna sülh, sabitlik və təhlükəsizlik gətirmək baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidov deyib.

Onun sözlərinə görə, Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin görüşü ilə üç ölkənin qardaşlığı bir daha təsbit olundu:

“Görüşün simvolik əhəmiyyəti onun 28 May - Müstəqillik Günündə baş tutması ilə əlaqələndirilə bilər. Belə ki, bu, Azərbaycanın Türkiyə və Pakistanla çoxillik əlaqələrə malik olduğuna, hər iki ölkənin Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini daim dəstəklədiyinə işarədir. Çünki müstəqillikdən sonra Azərbaycanı tanıyan ilk ölkələr Türkiyə, Rumıniya və Pakistan olub. Həmin vaxt çətinliklərdən keçən, Ermənistanın işğalı ilə üzləşən Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Türkiyə və Pakistanın əvəzsiz rolu olub”.

Ekspert tarixə diqqət çəkərək bildirib ki, Türkiyə Azərbaycanın məsələsinin BMT Təhlükəsizlik Şurasının (TŞ) gündəliyinə çıxarılmasında böyük dəstək göstərib:

“Pakistana gəldikdə isə 1993-cü ilin aprelində Kəlbəcərin işğalı ilə bağlı 822 saylı qətnamə qəbul edilərkən BMT TŞ-nin rəhbəri Pakistan idi. Bunlar çox önəmli detallardır. Həmin vaxtdan etibarən Azərbaycanın hər iki ölkə ilə siyasi, iqtisadi, enerji, nəqliyyat əlaqələri dinamik şəkildə inkişaf edir. İkinci Qarabağ müharibəsi dövründə də onlar Azərbaycana siyasi və mənəvi dəstək göstəriblər”.

Laçın görüşünün siyasi əhəmiyyətinə gəldikdə isə müsahib söyləyib ki, bu görüş üçtərəfli formatda yeni bir institutun təşkili baxımından böyük əhəmiyyət daşıyır:

“Bu format son bir neçə ildə sürətli inkişaf tempinə qədəm qoyub. Belə ki, üçtərəfli format 2017-ci ildə xarici işlər nazirləri səviyyəsində görüşlərlə başladı. Daha sonra 2021-ci ildə parlamentlər səviyyəsində görüşlər keçirildi. Nəhayət, 2024-cü ilin iyul ayında Qazaxıstanda dövlət və hökumət başçıları səviyyəsində görüşlə üçtərəfli format daha da inkişaf etdirildi”.

S.Zahidov qeyd edib ki, indiki beynəlxalq sistem özünün həssas dönəmini yaşayır, dünyada bir sıra münaqişə ocaqları var, böhranlar baş verir və dünya nizamı, BMT bunun öhdəsindən gələ bilmir:

“Bu isə dövlətlərin daha çox regional formatlara üstünlük verməsinə gətirib çıxarır ki, bu baxımdan Azərbaycan-Türkiyə-Pakistan birliyi vacibdir. Çünki hər üç ölkənin yerləşdiyi regionlarda sabitləşdirici funksiyaları var. Onların məqsədi regional məsələlərin sülh yolu ilə həll edilməsidir. Bölgənin strateji əhəmiyyətinə və bəzi güclərin bölücü, destruktiv siyasət yürütdüyünə nəzər yetirsək, düşünürəm ki, Azərbaycan-Türkiyə-Pakistan birliyi regiona münaqişə gətirmək istəyən güclərə qarşı müqavimət platforması rolunu oynaya bilər”.

Siyasi şərhçi hesab edir ki, bu platforma Qafqaz üçün də önəmlidir:

"Çünki Qafqazda Ermənistanın hərbiləşməsinə dəstək olan dövlətlər var və sözügedən birlik onlara qarşı effektiv balans rolunu oynaya bilər. Bunlarla yanaşı, üçtərəfli əməkdaşlıq platforması üç region arasında inteqrasiyanın təməlini qoyur. Bu gün Azərbaycan və Türkiyə Orta Dəhlizin vacib hissələridir, Şimal və Cənub dəhlizlərindəki təhdidlər fonunda Avrasiya materiki üçün xüsusi strateji əhəmiyyət kəsb edirlər. Hazırda Pakistanın da bu dəhlizə qoşulması müzakirə mövzusudur. Bunların fonunda dost ölkələrlə əlaqələri sıxlaşdırmaq isə Azərbaycanın xarici siyasətinin müsbət təzahürüdür”.

Mütəxəssis sonda vurğulayıb ki, bütövlükdə ölkələr arasında üçtərəfli platforma kifayət qədər effektiv modeldir:

“Söhbət yalnız Azərbaycan-Türkiyə-Pakistan modelindən getmir, Azərbaycan, eyni zamanda, İsrail və ABŞ ilə birlikdə də üçtərəfli platforma daxilində əməkdaşlıq etmə potensialına malikdir. Bu kimi formatlar Azərbaycanın regional və beynəlxalq səviyyədə statusunu yüksəltməklə bərabər, öz xarici siyasət istiqamətlərinin yerinə yetirilməsi baxımından da effektiv olar. Çünki çoxtərəfli platformalarda bəzən bir çox problemləri həll etmək mümkün olmur. Ona görə də Azərbaycan üçün vacibdir ki, onunla ortaq fikirlərə malik dövlətlərlə fərqli platformalarda fərqli mexanizmlərlə regional problemlərin həllinə nail olsun. Bu baxımdan Azərbaycan-Türkiyə-Pakistan formatı digər üçtərəfli formatlar üçün nümunə ola bilər”.

Digər xəbərlər