Azərbaycan Fransada "Qadın hüquqları və Kino" festivalına qatılacaq

Paris. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Fransanın paytaxtında keçirilən "Qadın hüquqları və Kino" festivalında iştirak edəcək.

"Report"un Qərbi Avropa bürosu bildirir ki, festival Fransa Milli Assambleyasının himayəsi altında, Azərbaycanın bu ölkədəki Səfirliyinin dəstəyi, "Schroders" (Britaniyada aktivlərin idarə edilməsi üzrə beynəlxalq qrup), Fransada Azərbaycanın Dostları Assosiasiyasının, habelə "Elie Wiesel" İnstitutu və SFİL (Fransa inkişafı üzrə ictimai bankı) birgə təşkilatçılığı ilə 11-14 dekabr tarixlərində baş tutacaq.

Festivalın üçüncü günü - 13 dekabrda "Elie Wiesel" İnstitutunda Natiq Rəsilovun "İkinci güllə" qısametrajlı filmi nümayiş olunacaq. Filmin nümayişi "dəyirmi masa" ilə müşayiət ediləcək.

"Qadın hüquqları və Kino" festivalı çərçivəsində qadınların cəmiyyətdə roluna həsr edilmiş 10 uzunmetrajlı, 10 qısametrajlı film nümayiş olunacaq, "dəyirmi masa", konfrans və universal layihələrin müəlifi olan aktyorlarla görüşlər keçiriləcək.

Festival dekabrın 14-də Azərbaycanın Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində qaliblərə mükafatların təqdimetmə mərasimi ilə başa çatacaq.

Digər xəbərlər