Dünyada səhiyyə turizmi sürətlə böyüyən və yüksək gəlir gətirən turizm istiqamətlərindən biri hesab olunur. Müasir səhiyyə turizmi artıq yalnız müalicə almaq üçün edilən səfərləri deyil, tibbi xidmətlərin komfortlu istirahət, reabilitasiya və təhlükəsizliklə birləşdirildiyi kompleks modeli ifadə edir.
Azərbaycan coğrafi mövqeyi, təbii müalicə resursları, sanatoriya-kurort ənənələri və kadr potensialı baxımından bu sahə üçün əlverişli ölkələr sırasında yer alsa da, hələlik regional səhiyyə turizmi mərkəzinə çevrilə bilməyib.
"Report" bunun səbəblərini araşdırıb.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, səhiyyə turizmi müasir anlamda yalnız tibbi müdaxilə ilə məhdudlaşmır: "Səhiyyə turizmi insan sağlamlığının qorunması, bərpası və yaxşılaşdırılması məqsədi ilə tibbi xidmətlərin turizm infrastrukturu ilə birləşdirildiyi kompleks sahədir. Pasiyent bu gün təkcə həkimə görə deyil, xidmət keyfiyyətinə, komforta, təhlükəsizliyə və ümumi təcrübəyə görə destinasiya seçir".
Onun sözlərinə görə, Azərbaycanın ən böyük üstünlüklərindən biri sanatoriya-kurort sahəsində formalaşmış tarixi bazaya malik olmasıdır: "Sovet dövründən Naftalan, Qalaaltı, İstisu, Bilgəh, Şıxov, Naxçıvan kimi ərazilərdə minlərlə insan müalicə alıb, mineral sular, müalicəvi neft və iqlim terapiyası illərlə klinik praktikada tətbiq olunub. Bu sahə Azərbaycanda sıfırdan yaradılmır. Bir çox ölkələr balneologiya və reabilitasiyanı yeni trend kimi təqdim edir, halbuki biz bunu onilliklər əvvəl etmişik və necə işlədiyini bilirik. Problem bu irsin müasir beynəlxalq standartlara uyğun sistemə çevrilməməsidir".
S.Dübəndi vurğulayıb ki, beynəlxalq sertifikatlaşmanın zəifliyi, vahid tibbi turizm brendinin olmaması və pasiyent yönümlü xidmət mədəniyyətinin yetərincə inkişaf etməməsi bu potensialın reallaşmasına mane olur.
Logistika və əlçatanlıq: inkişafın görünməyən maneəsi
Səhiyyə turizmi üzrə ekspert Ariz Cəbrayılov isə problemi daha çox praktiki müstəvidə, nəqliyyat və digər xidmətlər üzrə əlçatanlıq prizmasından dəyərləndirir. Onun fikrincə, ölkədə tibbi turizm üçün zəruri resursların əksəriyyəti mövcuddur: "Coğrafiya var, təbiət var, kadr (həkim) potensialı var, klinik resurslar var. Çatışmayan yeganə cəhət xidmət sektoruna, xüsusilə logistikaya yetərincə yatırım olunmamasıdır".
Ekspert konkret misallar çəkir: "Türkmənistandan gələ biləcək xəstə bu gün Qazaxıstan üzərindən gəlir. Bu şərtlərlə səhiyyə turizminin kütləvi inkişafından danışmaq çətindir".
A.Cəbrayılov hesab edir ki, aviasiya siyasəti, regional uçuşların qiymətləri və əlçatanlığı səhiyyə turizminin taleyini birbaşa müəyyənləşdirir: "Keyfiyyətli tibbi xidmət verə bilirik, amma pasiyent ona rahat və münasib qiymətə çata bilmirsə, o, alternativ ölkəni seçəcək".
Ümumi turizm axını və səhiyyə turizminin payı
Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov isə səhiyyə turizminə daha geniş kontekstdən yanaşır.
Onun sözlərinə görə, COVID-19-dan sonra turizm bazarı hələ də bərpa mərhələsindədir və pik göstəricilər 2019-cu ildə qeydə alınıb: "Turizm Azərbaycan üçün prioritetdir, çünki ölkəyə xeyli valyuta gətirir. Turizmin növlərinin şaxələndirilməsi turist sayının artmasına birbaşa təsir edir. Yaxın perspektivdə ölkəyə gələn turistlərin sayını iki dəfə artırmaq və təxminən 6 milyona çatdırmaq mümkündür. Lakin bu, ümumi axın fonunda səhiyyə turizminin payı hazırda cəmi 2 %-ə yaxındır. Bu da çox aşağı göstəricidir. Halbuki tibbi turizm adi turizmlə müqayisədə 5–6 dəfə daha çox gəlir gətirir. Bir turist orta hesabla 1 000 ABŞ dollar xərcləyirsə, tibbi məqsədlə gələn şəxs 5–6 min ABŞ dollar, bəzən isə 10 min ABŞ dollara qədər xərc çəkir".
Onun sözlərinə görə, hazırda Azərbaycana tibbi məqsədlərlə gələnlər əsasən estetik prosedurlar, stomatoloji xidmətlər və mədə kiçiltmə əməliyyatları kimi riski az olan sahələri seçirlər.
Rəqabət üstünlüyü var, amma vahid strategiya yoxdur
Ekspertlərin ümumi qənaətinə görə, Azərbaycan estetik tibb, stomatologiya, reabilitasiya və sanatoriya-kurort müalicəsi sahələrində real rəqabət üstünlüklərinə malikdir. Peşəkar həkim potensialı, münasib qiymətlər, sabitlik və təhlükəsizlik faktorları ölkənin əsas üstünlükləridir. Lakin bu üstünlüklər vahid strategiya, beynəlxalq akkreditasiya, məqsədyönlü marketinq və əlçatan logistika ilə dəstəklənmədiyi müddətdə nəticə məhdud qalacaq.
Ekspertlər hesab edirlər ki, əsas problem potensialın yoxluğunda deyil, onun sistemli şəkildə idarə olunmamasındadır.
2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycana müalicə məqsədilə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 18 966 nəfər təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 % azdır.
Müalicə məqsədilə ölkəyə gələnlərin 10 724 nəfəri Rusiyanın payına düşür ki, bu da əvvəlki ilin dövrünə nisbətən 26 % azdır. Türkiyədən gələnlərin sayı 1 600 nəfər olub və 36,1 % artım qeydə alınıb. Gürcüstandan gələnlərin sayı isə 1 356 nəfər təşkil edib ki, bu da 43 % artım deməkdir.
Ümumilikdə 11 ayda Azərbaycana 2 milyon 364 min 024 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da illik müqayisədə 2 % azdır. Onlardan 1 milyon 666 min 025 nəfəri ölkəyə turizm məqsədilə gəlib və bu göstərici 2,5 % azalıb.
Beləliklə, Azərbaycanda səhiyyə turizminin əsas problemi potensialın olmaması deyil, bu potensialdan sistemli şəkildə istifadə edilməməsidir. Tarixi təcrübə, təbii müalicə resursları və insan kapitalı mövcuddur. Əsas vəzifə bu resursları beynəlxalq standartlara uyğun şəkildə birləşdirmək, vahid tibbi turizm brendi formalaşdırmaq və ölkəni regionda etibarlı, rəqabətədavamlı səhiyyə turizmi destinasiyası kimi mövqeləndirməkdir.