Bakıda "21-ci əsr valideyni necə olmalıdır?" mövzusunda seminar keçirilib

Bakıda “Parents of Azerbaijan”ın "21-ci əsr valideyni necə olmalıdır?" mövzusunda seminar keçirilib.

"Report"un xəbərinə görə, "Kids First" Tədris və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutan ilk seminarda iştirak etmək üçün 110 nəfər qeydiyyatdan keçib.

Seminara ümumilikdə 677 nəfər maraq göstərib.

Tədbirdə çıxış edən "Kids First"ün direktoru Kifayət Həsənli bildirib ki, yüksək texnologiyaların sürətli inkişafı sosial-iqtisadi həyatımıza nüfuz etdikcə, bir çox sahələr kimi valideyn-uşaq münasibətləri də təsirə məruz qalır. Onun sözlərinə görə, rəqəmsal əsrdə valideynlik işi əvvəlki dövrlərdə olduğundan daha da çətinləşib.

O, hazırda üzərində işlənilən "Parents Of Azerbaijan" layihəsi üzrə valideyn maarifləndirmə proqramı çərçivəsində Azərbaycanın bütün valideynləri üçün seminarlar təşkil olunacağını deyib. Eyni zamanda layihənin əsas məqsədinin də məhz ölkənin bütün valideynlərini bir araya gətirməkdən ibarət olduğunu vurğulayıb:

"Mərkəzin fəaliyyət istiqamətlərindən biri olan "Leqo education"da məktəbəqədər uşaqlara xüsusi bacarıqlar öyrədilir. Bu istiqamətdə ingilis dilində uşaq bağçaları da fəaliyyət göstərir. “Parents of Azerbaijan” ölkəmizin valideynlərinin bir araya toplanmasına və onların rəqəmsal əsrin tələblərinə uyğun şəkildə maarifləndirilməsinə xidmət edən ilk platformadır. Platformanın yaradılmasında məqsəd valideynlərə yeni nəslin nümayəndələrini yetişdirməkdə dəstək olmaq, onlarla maarifləndirici məlumatları paylaşmaqdır. Platformada paylaşılan məlumatların müəllifləri müvafiq sahə üzrə yerli və xarici mütəxəssislərdir".

Daha sonra "Mars Academy"nin direktoru Elnarə Nəbiyeva "Leqo education" səviyyəsində 24 bilik və bacarığın nümayiş olunduğunu bildirib:

"Buna qısamüddətli yaddaş da deyilir. Burada ritorika, rəqabət və digər hisslər inkişaf edir".

Təlimçi Coşqun Kərimov "21-ci əsr valideyni necə olmalıdır?" mövzusunda çıxış edib. O, xoşbəxt ailə, ideal valideyn modelinin müasir tələblərindən danışıb. C.Kərimov rəqəmsal nəslin nümayəndələrini yetişdirməyin, onlara həyati bacarıqları öyrətməyin, ixtisas və peşə seçimində düzgün istiqamət verməyin və yüksək texnologiyaların sürətli inkişaf etdiyi bir zamanda bu işin öhdəsindən gəlməyin yollarından söz açıb.

Sonda qeyd olunub ki, “Parents of Azerbaijan”ın bu tipli tədbirlərinin davamlı olacağı gözlənilir.

Digər xəbərlər