2024-cü ildə sosial təminat xərclərinə 4151,1 milyon manat vəsait xərclənib

Sosial müdafiə və sosial təminat xərclərinə 2024-cü ilin dövlət büdcəsində 4381,9 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulsa da aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 4151,1 milyon manat məbləğində vəsait istifadə olunub.

"Report" xəbər verir ki, bununla bağlı məsələ "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihədə qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış əlavə olaraq 64,3 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla sosial müdafiə və sosial təminat sahəsinə dövlət büdcəsi xərclərinin 11,2 faizi həcmində və ya 4215,4 milyon manat vəsait yönəldilib.

Funksional təsnifata uyğun olaraq (dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış vəsait istisna olmaqla) 2024-cü ildə sosial müdafiə və sosial təminat xərcləri üzrə istifadə olunmuş vəsaitin 3697,7 milyon manatı və ya 89,1 faizi sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlərə, 453,4 milyon manatı və ya 10,9 faizi sosial müdafiə və sosial təminat xərclərinə sərf edilib.

Digər xəbərlər