2025-ci ildə Şərqi Zəngəzur iqtisadi rayonunda fəaliyyət göstərən müəssisələr 86 milyon 292 min manat dəyərində sənaye məhsulu (işlər, xidmətlər) istehsal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 5,4 % az, 2022-ci ilin göstəricisi ilə müqayisədə isə 12 dəfə çoxdur.
Hesabat dövründə Cəbrayıl rayonunda 3 milyon 579,1 min manat (18,6 % və 25 % çox), Kəlbəcər rayonunda 13 milyon 773,9 min manat (8,1 % az və 16 dəfə çox), Qubadlı rayonunda 4 milyon 378,5 min manat (22,6 % az və 12 dəfə), Laçın rayonunda 59 milyon 539,7 min manat (8,2 % az və 27 dəfə çox), Zəngilan rayonunda 5 milyon 20,8 min manat (87 % çox və 6 dəfə) dəyərində sənaye məhsulu istehsal edilib.
Ötən il Şərqi Zəngəzurda ümumilikdə 51 sənaye müəssisəsi fəaliyyət göstərib ki, bu da bir il əvvələ nisbətən 34,2 %, son 3 ilin göstəricisi ilə müqayisədə isə 2,6 dəfə çoxdur. Həmin müəssisələrin 14-ü (27,3 % və 3,5 dəfə çox) Cəbrayıl rayonunun, 9-u (50 % və 2,3 dəfə çox) Kəlbəcər rayonunun, 8-i (14,3 % və 2,7 dəfə çox) Qubadlı rayonunun, 15-i (66,7 % və 2,5 dəfə çox) Laçın rayonunun, 5-i isə (dəyişməyib və 67 % çox) Zəngilan rayonunun payına düşüb.