Azərbaycan dərman ixrac edə bilər

Azərbaycanda istehsal olunan əczaçılıq məhsulları Qazaxıstan, Özbəkistan və Gürcüstan daxil olmaqla, bir çox xarici ölkələrə tədarük edilə bilər.

Bunu "Report"a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkının rezidenti - "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin baş direktoru Fərid Əliyev bildirib.

Onun sözlərinə görə, müəssisənin əsas təsisçisi 66 % payla Türkiyənin aparıcı əczaçılıq məhsulları istehsalçısı "Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş." şirkətidir: "Qalan 34 % pay isə İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-yə (29 %) və Türkiyənin "SİA Pharmaceuticals" şirkətinə (5 %) məxsusdur. Rezident kimi müəssisə indiyə qədər 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad edilib. Zavodumuzun illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsuldur. Müəssisədə kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər istiqamətlər üzrə dərman preparatları istehsal olunacaq".

F.Əliyev qeyd edib ki, burada ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlardan istifadə edilir: "İstehsal prosesi yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin hazırlanmasına imkan verir. Bizim sahədə ən etibarlı istehsal təcrübəsi hesab olunan standartlar var: EU GMP və US FDA GMP. Bizim müəssisə bu standartlara tam cavab verir. Bu standartlara cavab vermək o deməkdir ki, bizdə istehsal olunan dərmanlar keyfiyyət, effektivlik, təhlükəsizlik baxımından tam dünya standartlarının ən yüksək səviyyələrinə cavab verir, həmçinin də digər ölkələrə də ixracı asanlaşdırır".

O vurğulayıb ki, müəssisədə 178 nəfər daimi işlə təmin ediləcək: "Yerli istehsalın olmağı həm bizim əhalinin ən yüksək keyfiyyətdə olan dərmanlara çıxışını asanlaşdırır, həmçinin qiymət baxımından əlçatan edir. Bizim əsas hədəfimiz yerli bazardır. Müəssisənin əsas inkişaf hədəflərindən biri 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılmasıdır. Layihə çərçivəsində daxili tələbatın maksimum səviyyədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi planlaşdırılır. Bundan başqa, müəssisədə Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası yaradılıb".

Digər xəbərlər