2022-ci il ərzində Azərbaycanda tikinti materiallarının istehsalının ümumi dәyәri 1 milyard 85,7 milyon manat olmaqla, 2021-ci illə müqayisәdә 12,6 % artıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ildə ölkədə 3 milyon 558,1 min ton sement istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 3,5 % çoxdur.
Bundan başqa, 217,5 min ton asfalt istehsal edilib ki, bu da illik müqayisədə 4,6 % çoxdur.
Tikinti kərpicinin istehsalı 31,8 % azalaraq 595,8 min kubmetr, tikinti gipsinin istehsalı 15,4 % artaraq 42,6 min ton, tikinti əhənginin istehsalı 29,4 % azalaraq 46,2 min ton, sementdən, süni daşdan və yaxud betondan tikinti blokları və kərpiclərinin istehsalı 4 % azalaraq 85,4 min ton olub.
2022-ci ildə ölkədə betondan yığma tikinti konstruksiyalarının istehsalı 1,1 % artaraq 47,5 min kubmetr, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 12,4 % azalaraq 35 milyon 823,2 min ton, hörmə üçün hazır beton qarışığının istehsalı isə 6,4 % azalaraq 3 milyon 474,8 min ton təşkil edib.