Bu ilin yanvar-mart aylarında Azərbaycanda 124 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 6,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı isə 23 % artıb.
2022-ci ilin yanvar-mart aylarında 439 ədəd və ya 2021-ci ilin müvafiq ayları ilə müqayisədə 31 ədəd və yaxud 7,6 % çox minik avtomobili istehsal olunub. Bu il aprelin 1-nə ölkədə 538 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 125 ədəd traktor istehsal edilib. Bu, 2021-ci ilin müvafiq ayları ilə müqayisədə 38,9 % çoxdur. Nəticədə, bu il aprelin 1-nə ölkədə 37 ədəd hazır məhsul ehtiyatı yaranıb.