Azərbaycanda I rübdə 1 000-ə yaxın avtomobil istehsal olunub

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 124 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 25,4 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 0,4 % azalıb.

I rübdə ölkədə 925 ədəd və yaxud 1 il əvvələ nisbətən 486 ədəd və yaxud 2,1 dəfə çox minik avtomobili istehsal olunub. Bu il aprelin 1-nə ölkədə 813 ədəd hazır məhsul ehtiyatı yaranıb.

2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda 228 ədəd traktor istehsal edilib. Bu, 2022-ci ilin ilk üç ayı ilə müqayisədə 82,4 % çoxdur. Nəticədə, bu il aprelin 1-nə ölkədə 15 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu ilin ilk rübündə Azərbaycanda 145 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur. Nəticədə, bu il aprelin 1-nə ölkədə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Digər xəbərlər