Xankəndi sakinləri üçün oftalmoloji tibbi müayinələr keçirilir

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Xankəndi sakinləri üçün oftalmoloji tibbi müayinələr keçirir.

Nazirlikdən "Report"a verilən məlumata görə, ikigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.

Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb.

Eyni zamanda göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub.

Xankəndi sakinləri ilə yanaşı, "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağın dirçəlişində fəaliyyə göstərən mütəxəssislər üçün oftalmoloji müayinələr və konsultasiyalar təşkil edilib.

Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.

Azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər