"COVID-19 pandemiyası dövründə xronik yorğunluq sindromu ciddi şəkildə artmağa başladı. Buna həm xəstəliyin birbaşa, həm də bilavasitə təsirləri (stress, gərginlik, qorxu) səbəb oldu".
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Zakir Quliyev deyib.
Onun sözlərinə görə, pandemiya dövründə hər kəs ölənlərin sayına diqqət yetirsə də, xəstələrin bir qismi hələ də virusun geridə qoyduğu problemlərlə məşğul olur: "Bu sağlamlıq problemlərindən biri “xroniki yorğunluq”dur. Virusun ortaya çıxdığı gündən bu xəstəliyin adını tez-tez eşitməyə başladıq. Bilinənin əksinə, xəstələr nə qədər istirahət etsələr də yorğunluq hissinin öhdəsindən gələ bilmirlər. Bu səbəbdən daimi yorğunluq hissi 6 aydan çox davam edən xəstələr mütləq dəstək üçün sağlamlıq müəssisələrinə müraciət etməlidirlər".
Mütəxəssis qeyd edib ki, xroniki yorğunluğun simptomları qısamüddətli stres və yorğunluqdan yaranan simptomlara bənzəyir, buna görə də onlarla qarışdırıla bilər: "Yorğun hiss edən hər bir insanın xroniki yorğunluq sindromu yoxdur. Bu sindromun varlığını təyin etmək üçün xəstələr mütəxəssis həkimlər tərəfindən yoxlanılmalıdır. Xəstəliyin simptomlarının uzun müddət dayanmadan davam etməsi və yorğunluğun istirahətlə azalmaması və bu tükənmə hissinin xəstədə qarın ağrısı və ürək bulanması kimi fizioloji problemlərə səbəb olması da varlığın ehtimalını gücləndirir. Xroniki yorğunluq sindromunun ümumi simptomları bunlardır: daimi yorğunluq və yuxululuq, əzələ və oynaq ağrısı, boğaz ağrısı, mədə ağrısı, enerji itkisi, bulantı və qusma, zehni performansın unudulması və azalması, yuxu rejimində və keyfiyyətində pozuntular, immunitet sisteminin zəifləməsi, bağırsaq xəstəlikləri, işə və ictimai həyata mənfi münasibət, daimi narahatlıq, depressiya".
O xatırladıb ki, xroniki yorğunluq sindromu üçün qəti bir müalicə yoxdur: "Sindromla mübarizənin ən təsirli üsulları, müntəzəm olaraq idman etmək, xəstələrin streslə mübarizə və problemləri həll etmə qabiliyyətini artırmaq və sıx iş tempini yüngülləşdirmək kimi tədbirlərdir".