Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universiteninin (ATU) Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub.
Bu barədə “Report”a klinikadan məlumat verilib.
Məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamı ilə Tədris Terapevtik Klinikasının II Pediatriya şöbəsinin müdiri, professor Hüseyn Qabulov klinikaya baş direktor təyin edilib. ATU-nun rektoru Gəray Gəraybəyli yeni baş direktoru kollektivə təqdim edib.
G.Gəraybəyli bildirib ki, universitetin öz kadrının bu vəzifəyə təyinatı onun üçün də çox xoş olub: "İnanıram ki, bundan sonra da klinikanın işlərinin yaxşılaşdırılması istiqamətində uğurlu işlər görüləcək. Çünki bu bizim əsas məqsədlərimizdən biridir”.
Hüseyn Qabulov çıxış edərək bu etimada görə səhiyyə naziri Oqtay Şirəliyevə və rektor Gəray Gəraybəyliyə öz minnətdarlığını bildirib.
G.Gəraybəyli onu da qeyd edib ki, sözügedən klinikanın keçmiş baş direktoru Könül Xəlilova nazirin digər sərəncamı ilə Respublika Diaqnostika Mərkəzinə baş həkim vəzifəsinə təyin olunub.
Rektor qeyd edib ki, Könül Xəlilova klinikaya direktor vəzifəsinə təyin olunduğu bir neçə ay müddətində çox böyük işlər görüb.
G.Gəraybəyli öz növbəsində K.Xəlilovanı təbrik edib.