Xaməneinin müşaviri BƏƏ-ni hədələyib: İran xalqının səbri sonsuz deyil

İran xalqının səbri sonsuz deyil.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əl Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vəlayəti Körfəz Əməkdaşlıq Şurasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) üç ada üzərində suverenliyinə dəstəyinə münasibət bildirərkən deyib.

O, ərəb dövlətlərinin körfəzdəki adalarla bağlı açıqlamasını absurd adlandırıb:

"Belə bəyanatlar müstəmləkəçi ölkələrlə əməkdaşlığa uyğundur".

O, BƏƏ-ni tənqid edərək vurğulayıb:

"BƏƏ hökumətindən soruşulmalıdır: Yəməndə nə edirsiniz? Niyə Bab əl-Məndəb boğazına sahib olmaqda maraqlısınız? Niyə Sokotra adasını işğal edibsiniz? Bu hərəkətlərin ABŞ-nin dəniz maraqları ilə nə əlaqəsi var? Siz indi bu adaya və hətta Hörmüz boğazına sahib olmağa niyə iddia edirsiniz?"

Xaməneinin müşaviri rəsmi Əbu-Dabini Yəməndə, Sudanda müsəlmanların qanını tökməkdə də günahlandıraraq bu hərəkətləri BƏƏ-nin ekspansionist siyasətinin nəticəsi adlandırıb.

Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurasının dekabrın 2-də Bəhreyndə keçirilən görüşün yekun bəyanatında Kiçik Tomb, Böyük Tomb və Əbu Musa adalarının BƏƏ-yə məxsus olduğu bir daha təsdiqlənib, Avropa İttifaqının bir müddət əvvəl açıqladığı mövqe yüksək qiymətləndirilib.

Onlar rədmi Tehranı Əbu-Dabinin bu adaların mənsubiyyəti ilə bağlı mübahisəni birbaşa danışıqlar yolu ilə həll etmək və ya məsələni Beynəlxalq Məhkəməyə vermək tələblərinə cavab verməyə çağırıblar.

Xatırladaq ki, İranla BƏƏ arasında Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları ilə bağlı ərazi mübahisəsi davam edir. Hazırda ərazidə İran hərbçiləri yerləşir. Bu adalar Hörmüz boğazının girişindədir.

Digər xəbərlər