Qırğızıstan və Qazaxıstan 2030-cu ilə qədər ikitərəfli ticarətin həcmini 3 milyard dollara çatdırmaq niyyətindədir.
"Report" Qırğızıstanın Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev Bişkekdə iki ölkənin İkinci Regionlararası Əməkdaşlıq Forumunun açılışında bildirib.
Onun sözlərinə görə, iki dövlət başçısının siyasi iradəsi və dəstəyi sayəsində ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ardıcıl olaraq möhkəmlənir: "2024-cü ildə imzalanmış müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi və genişləndirilməsinə dair saziş bütün əsas istiqamətlər üzrə əməkdaşlıq üçün yeni imkanlar açıb".
Öz növbəsində, Qazaxıstanın Baş naziri Oljas Bektenov forumun iki ölkənin regionları arasında əlaqələrin möhkəmləndirilməsi və praktiki əməkdaşlığın genişləndirilməsi üçün bir platforma kimi əhəmiyyətini vurğulayıb. O, ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişafı üçün əhəmiyyətli potensialı, eləcə də Qazaxıstan tərəfinin birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.