Kərkük nefti yenidən Türkiyə ərazisindən ixrac ediləcək

Bakı. 28 fevral. REPORT.AZ/ "Kərkükdə hasil olunan xam neft yenidən Türkiyə ərazisindən ixrac ediləcək".

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Heydər əl-İbadi bildirib.

O, İraqın şimalındakı kürd muxtariyyəti ilə həmin neftin Türkiyənin Ceyhan limanından ixrac edilməsi məsələsini razılaşdırdıqlarını da vurğulayıb: “Muxtariyyətlə aramızdakı digər anlaşılmazlıqları da gələcəkdə danışıqlar yolu ilə həllinə hazırıq”.

Qeyd edək ki, Kərkükün neft yataqları 2014-cü ildən bəri muxtariyyətin “peşmərgə” adlanan silahlı dəstələrinin nəzarəti altında idi. İndiyədək oradan ixrac edilən neftin gəlirini İraqın şimalındakı hökumət mənimsəyib. Əvvəllər Aralıq dənizindəki Ceyhan limanına uzanan neft kəməri vasitəsilə 250-300 min barel Kərkük nefti nəql edilirdi. Kərkükdə 13 milyard barel neft ehtiyatının olduğu proqnozlaşdırılır. Bu isə İraqdakı neft ehtiyatının 12 faizi deməkdir. 

Digər xəbərlər