Tbilisi. 1 noyabr. REPORT.AZ/ Gürcüstanda prezident seçkiləri günü Marneuli rayonunda baş vermiş insidentlə bağlı istintaq tədbirləri davam etdirilir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Marneulidə baş vermiş qarşıdurma tərəfləri hadisə yerinə gəlmiş polis əməkdaşlarına tabe olmaqdan imtina ediblər. Polis Vahid Milli Hərəkat Partiyasının bir və Gürcü Arzusu Partiyasının bir üzvünü saxlayıb.
Prezident seçkiləri ilə bağlı baş vermiş insidentlər üzrə, ümumilikdə, 15 şəxs cinayət məsuliyyətinə cəlb olunub və həmin şəxslər arasında həm müxalif, həm də hakim partiyanın üzvləri var.
DİN ictimaiyyəti prezident seçkilərinin sakit və təhlükəsiz şəraitdə keçirilməsinə dəstək verməyə çağırıb: “Cinayət törətmiş şəxsə qarşı onun partiya mənsubiyyətindən asılı olmayaraq, qanunla nəzərdə tutulmuş bütün tədbirlər həyata keçiriləcək”.
Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçirilib. Həmin gün Marneuli rayonunun İmir kəndindəki 59 saylı seçki məntəqəsinin yaxınlığında Vahid Milli Hərəkat Partiyasının üzvü Fikrət Qarayev və Gürcü Arzusu Partiyasının üzvü Xaləddin Hüseynov arasında qarşıdurma baş verib.