Gürcüstan Prezidenti: Qonşu ölkələrə səfərlərim xarici siyasət vektorumuzun alternativsiz olduğunu göstərdi

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bildirib ki, son dövrlərdə qonşu ölkələrə – Azərbaycana, Ermənistana və Türkiyəyə, eləcə də BMT və Serbiyaya etdiyi səfərlər Gürcüstanın xarici siyasət kursunun alternativsiz olduğunu bir daha aydın şəkildə nümayiş etdirib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Prezident bu fikirləri 2025-ci il Səfirlər Konfransında çıxışı zamanı səsləndirib.

M.Kavelaşvilinin sözlərinə görə, Gürcüstanın əsas məqsədi ölkənin Cənubi Qafqazda aparıcı regional mərkəz kimi mövqeyini daha da gücləndirməkdir. O vurğulayıb ki, bununla yanaşı, Asiya, Avropa və Yaxın Şərq arasında iqtisadi və dinc inteqrasiyanın təşviqi də prioritet istiqamətlərdəndir.

Prezident gürcü diplomatlarını ticarət və tranzit əlaqələrinin inkişafı istiqamətində səylərini artırmağa çağırıb. Onun fikrincə, bu yanaşma yalnız qlobal bağlantıya töhfə verməyəcək, eyni zamanda, Gürcüstanın tarixi rolunu – sivilizasiyaların kəsişmə nöqtəsi statusunu daha da möhkəmləndirəcək.

"Gürcüstan təkcə Orta Dəhlizin əsas qovşaqlarından biri deyil, həm də əsrlər boyu müxtəlif mədəniyyətlərin dinc yanaşı yaşadığı unikal sivilizasiya dialoqu məkanıdır", – deyə Mixeil Kavelaşvili qeyd edib.

Prezidentin çıxışında vurğulanıb ki, məhz bu üstünlüklər Gürcüstanın regional və beynəlxalq proseslərdə rolunu artırır və ölkənin xarici siyasətinin strateji istiqamətini müəyyənləşdirir.

Digər xəbərlər