Ermənistanda sənaye istehsalı 2025-ci ilin ilk iki ayında keçən ilin eyni dövrü ilə müqayisədə 19,4 % azalıb.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Statistika Komitəsinin məlumatları göstərir.
Qeyd olunur ki, demək olar bütün əsas ixrac sektorları mənfi dinamika nümayiş etdirib.
Məlumata görə, ən ciddi azalma metallurgiya sektorunda müşahidə olunub - təxminən 7 dəfə azalma ilə 35,6 milyard dram (təxminən 90 milyon ABŞ dolları). Əvvəllər bu sektorda artım üçüncü ölkələrə təkrar ixrac üçün nəzərdə tutulmuş xaricdən gətirilən qızıl külçələrinin ilkin emalı və sonradan zərgərlik sənayesində istifadə olunması hesabına baş verirdi.
Statistikaya görə, metallurgiyanın digər sahələrində də azalma qeydə alınıb. Dəmir-molibden istehsalı 31,2 %, alüminium folqa istehsalı 4,3 % azalıb. Bu mallar Ermənistanın Avropa İttifaqı bazarında əsas ixrac malları sırasındadır. Ölkənin əsas ixrac xammal məhsulu olan mis konsentratının istehsalı isə 30 % azalıb.
Spirtli içkilərin istehsalında da mənfi dinamika müşahidə olunur: konyak istehsalı demək olar yarıbayarı - 45,3 % (100 % spirt baxımından 2 milyon litrdən bir qədər çox), şərab istehsalı isə 33,3 % (təxminən 846 min litrə qədər) azalıb.
Yüngül sənayedə də 16,5 % azalma qeydə alınıb. Söhbət Ermənistan fabriklərinin Avropa ölkələri və Rusiyanın sifarişi ilə istehsal etdiyi geyimlərin tikilməsindən gedir.
İxrac da azalıb: 2025-ci ilin ilk iki ayında bu göstərici 60 % (2,5 dəfə) azalaraq 1 milyard 41 milyon ABŞ dolları təşkil edib. Azalma demək olar bütün əsas sahələrə təsir edib: konyak və digər sərt spirtli içkilərin ixracı 16 %, dəmir-molibden 60%, mis və molibden konsentratları müvafiq olaraq 20 % və 40 % azalıb.