Ermənistan Rusiyaya ixrac məhdudiyyətlərinə görə Avrasiya Məhkəməsinə müraciət edəcək

Ermənistan İqtisadiyyat Nazirliyi ölkədən Rusiyaya bir sıra malların ixracına qoyulan məhdudiyyətlərlə bağlı Avrasiya Məhkəməsinə müraciət etmək niyyətindədir.

"Report" "Sputnik-Armenia"ya istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Gevork Papoyan jurnalistlərə bildirib.

"Mənim göstərişimlə bu məsələ ilə bağlı fərqli bir strategiya seçdik: çox güman ki, şikayət vermək üçün deyil, rəy almaq üçün Avrasiya Məhkəməsinə müraciət edəcəyik", - o deyib və hazırda sənədlərin hazırlandığını əlavə edib.

Papoyan həmçinin Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərlə bağlı məsələnin müzakirəsinin dekabrın 1-nə təxirə salındığını bildirib.

O qeyd edib ki, Avrasiya İqtisadi Komissiyasının Şurasında 10 iştirakçıdan 6-sı Ermənistana qarşı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarıdır, lakin bu kifayət deyil - daha bir səs tələb olunur. Bununla əlaqədar məsləhət xarakterli rəy almaq üçün məhkəməyə müraciət etmək qərara alınıb.

"Rosselxoznadzor" 2026-cı ilin may ayından Ermənistandan gül tədarükünə qadağa qoyub, mayın 30-dan respublikadan təzə pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalına, iyunun 2-dən çəyirdəkli meyvə (albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin) və təzə üzüm idxalına, iyunun 3-dən isə quru və tumlu meyvə, badımcan və kartof idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Bundan başqa, iyun ayında Rusiya tərəfi Ermənistandan diri balıq və balıq məhsullarının idxalına məhdudiyyətlər qoyub.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir sıra məhsulların Rusiyaya idxalına qoyulan qadağanı siyasiləşdirilmiş addım adlandırıb.

Digər xəbərlər