"Ermənistan Elektrik Şəbəkələri" işi üzrə 36 nəfərin saxlanılması ilə bağlı qərar qəbul edilib

Ermənistan İstintaq Komitəsi "Ermənistan Elektrik Şəbəkələri" şirkətində vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və çirkli pulların yuyulması ehtimalı ilə bağlı cinayət işi çərçivəsində 36 nəfərin saxlanılması barədə qərar qəbul edildiyini açıqlayıb.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin məlumatında bildirilib.

Qurumun məlumatına görə, istintaq çərçivəsində bir neçə müvafiq qurum tərəfindən yaşayış sahələri və şirkətlərin ofisləri də daxil olmaqla 65 ünvanda axtarışlar aparılır.

İstintaq Komitəsindən bildirilib ki, araşdırma zamanı 2016-2024-cü illərdə bir qrup şəxs tərəfindən özəl sektorda vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda mənimsəmə və çirkli pulların yuyulması üzrə dörd epizodun törədildiyi məlum olub.

İstintaqın versiyasına görə, ehtimal olunan cinayət fəaliyyətində "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin Direktorlar Şurasının ayrı-ayrı üzvləri, şirkətin baş direktoru, onun müavini və digər məsul şəxslər iştirak ediblər. Onlar səlahiyyətlərindən sui-istifadə edərək şirkətin real ehtiyacları ilə uyğun olmayan məbləğlərdə kreditlər cəlb edib, sonra isə vəsaitləri əsassız olaraq səhmdarlara dividendlərin ödənilməsinə, əlaqəli və digər təşkilatlara borc və avansların verilməsinə yönəldiblər.

Müstəntiqin vəsatəti əsasında prokuror 36 nəfərə qarşı ictimai cinayət təqibinə başlanması barədə qərar qəbul edib. İbtidai istintaq davam edir.

Digər xəbərlər