“Ermənistan artıq anlamalıdır ki, real sülhdən başqa heç bir yolu qalmayıb".
"Report" xəbər verir ki, bunu politoloq, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, Ermənistan ilin sonuna kimi faktiki addımlar atmalıdır:
“Çünki bir tərəfdə həqiqi dövlət olub onun-bunun forpostu olmaqdan qurtulmaq var. Digər formada isə Ermənistan xarici güc faktorlarının oyuncağı olaraq qalmaqda davam edəcək. Ermənistanın ərazilərinə diqqətlə baxanda görürük ki, burada müxtəlif güc faktorları mövcuddur. Onları heç kim zorla Ermənistana gətirməyib. Çünki baş nazir Nikol Paşinyan hissə-hissə ölkəsinin ərazilərini sanki hərraca çıxarıb. Qərbdə də konkret sülhü istəməyənlər var. Fransa belə düşünür ki, əgər Azərbaycanla sülh müqaviləsi bağlansa, Ermənistandan istifadə rıçaqları zəifləyə bilər. Qranada görüşündə ilkin detallar razılaşdırıla bilər. Azərbaycanın ard-arda zəfərləri də burada həlledici faktor rolunu oynayır”.
Politoloqun fikrincə, qarşıdakı günlərdə həm də Ermənistan daxilində N.Paşinyana təzyiq üsulları güclənəcək:
“Rusiya-Ermənistan münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı müəyyən fərqli proqnozların şahidi oluruq. Bəzi hallarda Rusiyanın Paşinyanın hakimiyyətdə qalması razılaşa bilməyəcəyi vurğulanır ki, bu da mümkündür. Çünki Rusiya rəhbərliyi anlayır ki, Ermənistandakı sorosçularla hansısa danışıqların aparılması effekt verməyəcək. Həmçinin Rusiya rəhbərliyi yaxşı bilir ki, bu gün Ermənistandakı anti-Rusiya əhvali-ruhiyyəsi bitməyib və Moskva bunun ən böyük günahkarı kimi hazırkı iqtidar komandasını göstərir”.