Azərbaycan Tbilisidə dövlət satınalmaları üzrə regional konfransda təmsil olunur

Gürcüstanın paytaxtı Tbilisidə Avropa Qonşuluq Siyasəti Şərq ölkələrinin Dövlət Satınalmaları üzrə üçüncü regional konfransı keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, tədbir Avropa İttifaqı ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə təşəbbüsü olan SİQMA proqramı və Gürcüstanın Dövlət Satınalmaları Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransın keçirilməsində əsas məqsəd iştirakçılara Avropa İttifaqının dövlət satınalmaları sistemindəki ən son yeniliklər, ittifaq və milli səviyyələrdə bu sahədə həyata keçirilən islahatların məqsədləri, dövlət satınalmaları sisteminin effektivliyi, müasir alətlər və digər istiqamətlər barədə məlumatların təqdim olunmasıdır.

İkigünlük regional konfransda Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna ilə yanaşı bir neçə Avropa ölkəsinin dövlət satınalmaları üzrə qurumlarının nümayəndələri və ekspertləri də iştirak edirlər.

Azərbaycanı tədbirdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri Aytəkin Bədəlova və Ümid Paşayev təmsil edirlər. Onlar konfransda panel çərçivəsində Azərbaycanda dövlət satınalmaları sisteminin gələcək inkişafı üzrə planlar mövzusunda çıxış edəcəklər. 

Digər xəbərlər