Almaniya terrorçu PYD və YPG-ni PKK-nın Suriyadakı qolları kimi tanıyıb

Bakı. 5 iyul. REPORT.AZ/ Almaniyanın Daxili Kəşfiyyat Xidməti PYD və YPG-ni terrorçu PKK qruplaşmasının Suriyadakı qolları olduğunu təsbit edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Konstitusiya Mühafizə Təşkilatının Almaniyanın Şlezviq-Qolşteyn əyalətindəki şöbəsinin internet saytı bu barədə 138 səhifəlik hesabat yayıb.

Sənəddə qeyd olunub ki, ölkədə fəaliyyət göstərən qanunsuz qrup və terror dəstələrinin 2017-ci ildəki vəziyyəti nəzarət altına alınıb. Hesabatda vurğulanıb ki, PYD terrorçu PKK ilə qardaş təşkilat, YPG isə bu terrorçu qruplaşmanın Suriyadakı qoludur.

Almaniya 1993-cü il dekabrın 22-dən PKK-nın ölkə ərazisində fəaliyyət göstərməsini qadağan edib. Rəsmi Berlin 2002-ci ildən isə PKK adını terrorçu təşkilatlar siyahısına salıb. 

Hesabatda PKK-ya 3 səhifə yer ayrılıb. Sənədə əsasən, Almaniyada bu terrorçu qruplaşmanın 14500 təəssübkeşinin olduğu, bunların isə 700-nün adı çəkilən əyalətdə yaşadıqları vurğulanıb.

Hesabatda əyalətdə ictimai birlik kimi fəaliyyət göstərən Almaniya Demokratik Kürd Cəmiyyətinin də məqsədinin terrorçu PKK ilə eyni olduğu diqqətə çatdırılıb. 

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49