Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı bərpa-quruculuq işlərinə yanaşma digər ölkələr üçün maraqlı ola bilər.
"Report" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyət mərkəzdə: SECURE ilə ortaq gələcəyə etibarlı yollar" adlı panel sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə bir sıra mədəni-tarixi abidələr artıq bərpa edilib:
"Həmin abidələrin bəzilərində xüsusi yanaşmalar tətbiq olunub. Bu yanaşmalar digər ölkələr üçün maraqlı ola bilər. O baxımdan, bu gün Ağdam, Füzuli və Xocavənd rayonlarında aparılan bərpa-quruculuq işlərindən geniş danışdıq".
Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, mədəni irs obyektlərinə münasibətdə konservasiya, əvvəlki vəziyyətinə qaytarma və ya müəyyən xüsusiyyətləri saxlanılmaqla yeni elementlərlə bərpa kimi üsullardan istifadə oluna bilər:
"Hansı yanaşmanın seçilməsi isə hər bir halda ayrıca təhlil edilir. İşğaldan azad olunmuş ərazilərdəki abidələr tam bərpa edildikdən sonra onların vahid konsepsiya əsasında beynəlxalq ictimaiyyətə daha geniş təqdim olunması üçün xüsusi tədbirlərin görülməsi planlaşdırılır".
E.Hüseynov bərpadan sonra açılmış Ağdam İmarət Kompleksinə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura ICOMOS tərəfindən xüsusi sertifikat verilməsinə də toxunub:
"Bu, Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə göstərdiyi xüsusi diqqətin və bu fəaliyyətin artıq beynəlxalq səviyyədə onun tanınmasının təzahürüdür".