Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib

Zəngilan Şəhəri Günü münasibətilə Zəngilan şəhərində konsert proqramı təşkil edilib.

Report"un Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, Zəngilan Konqres Mərkəzində keçirilən konsertdə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edib.

Vətənpərvərlik, birlik və qəhrəmanlığı tərənnüm edən əsərlər əsasında hazırlanan proqramda xalq mahnıları və bəstəkar əsərləri səsləndirilib, milli rəqslər ifa olunub.

Tədbir çərçivəsində Zəngilanın balaca sakinləri üçün XX Uşaq Teatrının təqdimatında xüsusi tamaşa da göstərilib.

Konsertdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Zəngilan sakinləri, şəhid ailələrinin üzvləri, ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və nümayəndələri, eləcə də ətraf rayonların sakinləri iştirak ediblər.

Digər xəbərlər