Azərbaycan mədəniyyətinə xaricdən böyük təhdidlər mövcuddur.
"Report"un məlumatına görə, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov "Mədəniyyət və hüquq: müasir çağırışlar" forumunun açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, cəmiyyətdə hüquqi mədəniyyətin formalaşması çətin və zəruri prosesdir:
"Bu gün mədəniyyətin qorunmasında hamımız fəal iştirak etməliyik. Bu, nazirliyin, yaxud mədəniyyət xadimlərinin işi yox, ümumən cəmiyyətin məsələsidir".
Milli Məclisin digər sədr müavini Rəfael Hüseynov isə çıxışında 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayını xatırladaraq bunu milli kimlik yolunda son dərəcə zəruri təşəbbüs kimi qiymətləndirib.
Deputat müasir çağırışlar fonunda ana dilinin qorunması məsələsinə də toxunub:
"Dil və mədəniyyət məsələsində hər kəs səfərbər olmalıdır. Doğrudur, səfərbər termini daha çox hərbi sahəyə aid edilir, amma məhz dil və mədəniyyət kontekstində də səfərbər olmaq vacibdir. Hazırda Azərbaycan dili və mədəniyyətinə kənar təmaslar çoxdur. Bu mənada, indi dilin saflığının qorunması son dərəcə vacibdir və bu böyük mənada elə mədəniyyətin də qorunması deməkdir".