Rəssam Kamilə Muradovanın "Ovsunlanmış meşə" sərgisi oktyabrın 22-də "Nine Senses Art Center"də açılacaq.
"Report" xəbər verir ki, ekspozisiya "Fly to Baku. Art Weekend. Sense the Future NOW" mədəniyyət tədbiri çərçivəsində təşkil olunub.
Layihə insan bədəni, təbiət və kollektiv yaddaşın qarşılıqlı əlaqəsinin vizual-fəlsəfi tədqiqatından ibarətdir.
Əsərlər seriyasının yaradılması üçün başlanğıc nöqtəsi Şuşadakı köhnə tut bağı olub. Əsrlik ağaclar burada sadəcə təbii landşaftın bir hissəsi deyil, həm də tarixin şahidləri və regionun mədəni yaddaşının qoruyucuları kimi çıxış edir.
Rəssamın tədqiqatının mərkəzində ağacın anatomiyası dayanır: köklərin gizli strukturundan tutmuş budaqların, yarpaqların və çiçəklərin zərif cizgilərinə qədər. K.Muradova təbii formalarla insan bədəni arasında bənzərliklər aparır: qabığın fakturası dərini xatırladır, budaqlar damar sistemi ilə assosiasiya olunur, illik halqalar isə yaşanan dəyişikliklərin, travmaların və yenidən doğuşun yaddaşını simvolizə edir.
Sərginin əsas materiallarından biri kömür olacaq - odun təsiri altında oduncaqdan əmələ gələn və materiyanın çevrilməsinin izlərini qoruyub saxlayan maddə. Sərgi "Sense the Future NOW" festival proqramının konseptual xəttini davam etdirir. Keçmişə müraciət edərək, mədəni yaddaşı araşdıraraq və təbii irsin əhəmiyyətini vurğulayaraq, layihə tamaşaçılara gələcək və onun formalaşmasında insan və təbiətin rolu barədə düşünməyi təklif edir.
Sərgi 2026-cı il noyabrın 30-dək davam edəcək.