Kəlağayı Azərbaycan qadınının zərifliyini, incəliyini və milli-mənəvi dəyərlərini özündə əks etdirən mədəniyyət nümunəsidir.
Bunu "Report"a açıqlamasında Əbədi Turan Kitab Fondunun rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuad Bakıda "Kəlağayı yürüşü" zamanı deyib.
Onun sözlərinə görə, milli geyimlər Azərbaycan xalqının geyim mədəniyyətinin, tarixinin və milli kimliyinin göstəricisidir:
"Bugünkü tədbirin əsas məqsədi milli geyimlərimizi, xüsusilə də Azərbaycan xanımının gözəllik və zəriflik rəmzi olan kəlağayını gənclərə sevdirmək, bu dəyərləri gələcək nəsillərə ötürməkdir. Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra onun şöhrəti daha da artıb. Bu gün kəlağayılarımız Azərbaycanın hüdudlarından kənarda da tanıdılır, müxtəlif ölkələrə hədiyyə aparılır və dünya xalqları arasında milli kimliyimizi təbliğ edir. Kəlağayılar zərifliyi, incəliyi, özünəməxsus ornamentləri, naxışları və əlvan rəngləri ilə seçilir".
E.Fuad kəlağayının rəngləri vasitəsilə insanların hiss və duyğularını ifadə edən milli geyim nümunəsi olduğunu vurğulayıb:
"Mən anamı həmişə kəlağayı ilə təsəvvür etmişəm. Gündəlik həyatda, toy məclislərində və digər mərasimlərdə müxtəlif rəngli kəlağayılardan istifadə olunub. Yas mərasimlərində qara, digər məclislərdə isə ağ və əlvan rəngli kəlağayılar örtülüb. Bu da kəlağayının rəngləri vasitəsilə insanların hiss və duyğularını ifadə edən milli geyim nümunəsi olduğunu göstərir. Keçmişdə sevən oğlanların qızlara əlvan rəngli kəlağayı hədiyyə etməsi də ənənələrimizdən biri olub".
O qeyd edib ki, təxminən 1960-cı illərdə İngiltərədə keçirilən milli mədəniyyət nümunələrinin sərgisində Azərbaycan kəlağayıları nümayiş etdirilib və ingilis xanımlar bu kəlağayılara böyük maraq göstərərək alıblar:
"Bu cür nümunələr göstərir ki, milli geyimlərimiz beynəlxalq miqyasda da maraq doğurur. Ona görə də kəlağayı istehsalının genişləndirilməsi və daha çox tanıdılması vacibdir. Azərbaycanın müxtəlif bölgələrinin özünəməxsus milli geyim ənənələri olub. Qarabağ, Şuşa, Muğan və Şirvan geyimləri bir-birindən fərqlənib. Geyimlərin elementlərində, naxışlarında və tikilişində müəyyən fərqlər olsa da, onların hər biri xalqımızın zəngin mədəniyyətini əks etdirib".
Esmira Fuad Azərbaycan musiqisinin, milli geyimlərinin, mətbəxinin və idmanının ölkənin dünyada tanıdılmasında mühüm rol oynadığını vurğulayıb:
"Azərbaycanın üçrəngli bayrağı müxtəlif ölkələrdə dalğalanır, milli-mədəni dəyərlərimiz beynəlxalq miqyasda təbliğ olunur. Şuşanın və Qarabağın azad edilməsi, torpaqlarımızın işğaldan qurtulması da Azərbaycanın nüfuzunu və şöhrətini daha da artırıb. Vaxtilə Məhəmməd Hadi "Yoxdur millətimin imzası imzalar içində" deyərək xalqının taleyinə təəssüflənirdi. Bu gün isə böyük qürurla deyə bilərik ki, millətimizin imzası imzalar içindədir. Azərbaycanın mədəniyyəti, musiqisi, milli geyimləri və digər sahələrdəki nailiyyətləri xalqımızın dünyada tanınmasına və milli kimliyimizin qorunmasına xidmət edir".