"İncəsənət məktəblərində islahat prosesləri: nailiyyətlər və məqsədlər" mövzusunda müşavirə keçirilib.
"Report" xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, musiqi və incəsənət məktəblərinin müəllimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
A.Kərimov bildirib ki, islahat istiqamətlərindən biri nazirliyin tabeliyindəki 210 incəsənət məktəbinin rəqəmsallaşdırmasını təmin etməklə idarəetmə, habelə müəllimlərin işə qəbul, eyni zamanda təhsil alan şagirdlərin qeydiyyat proseslərinin təkmilləşdirilməsi və təhsil sisteminin müasirləşdirilməsidir: "Mədəniyyətimizin təməlində uşaq incəsənət, musiqi məktəbləri durur. Buna görə nazirlik olaraq islahatlara bu sahədən başladıq. Artıq iki ildir nazirlik tərəfindən yoxlamalar aparılır. Yoxlamaların nəticələri barədə hüquq-mühafizə orqanlarına məlumat verilir. Müxtəlif illər ərzində nəzarətsizlik olub və təəssüflər olsun ki, yaxşı olmayan nəticələr yaranıb. Bu səbəbdən islahatların keçirilməsi olduqca vacibdir".
Nazir həmçinin çıxışında musiqi və incəsənət məktəblərində dərs deyən müəllimlərin attestasiyasının aparılacağını qeyd edib. Bu prosesin iki mərhələdən ibarət olacağını bildirən nazir deyib ki, bu ilin sonuna kimi birinci mərhələnin keçirilməsi planlaşdırılır: "Bununla da, bir neçə ildən sonra musiqi məktəblərində peşəkar müəllimlər fəaliyyət göstərəcək".
Daha sonra qapalı keçirilən müşavirədə müzakirələr davam etdirilib.