Sevda Tahirli: Kəlağayı sadəcə örtük deyil, milli irsin rəmzidir

Kəlağayı milli irsdir və sadəcə qadın örtüyü deyil.

"Report" xəbər verir ki, bunu Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli Azərbaycan Milli QHT Forumunda "Azərbaycan Kəlağayısı Günü"nə həsr olunmuş "İpək irsimiz – Kəlağayı" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi gündən Azərbaycan Kəlağayısı Günü böyük fəxrlə qeyd olunur:

"Kəlağayı milli irsimizdir, milli irsimizin nümunəsidir və sadəcə qadın örtüyü deyil. Əslində, bu, keçmişdən bu günə gələn bir əmanət, babalarımızdan, nənələrimizdən bizə ötürülmüş bir irsdir. Bugünkü borcumuz gənc nəslə, xüsusilə də gələcək nəslə bu əmanəti etibarla ötürə bilməkdir. Məhz gənclərin üzərində də kəlağayı görmək həm qürurverici, həm də sevindiricidir".

Sevda Tahirli bildirib ki, bu gün gənclərdə və yaşlı insanlarda kəlağayıdan istifadə ilə bağlı daxili tələbat yaranıb:

"Arzulayırıq ki, kəlağayının zərifliyini, incəliyini, bizə əmanət edilən bu irsi bir dəyər kimi üzərimizdə daşıyaq və bununla fəxr edək".

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan kəlağayı sənətini gənc nəslə daha yaxından tanıtmaq, bu qədim ənənənin unudulmasının qarşısını almaq və gənclərdə milli-mənəvi dəyərlərə bağlılıq hissini gücləndirməkdir.

Tədbirdə kəlağayının Azərbaycan xalqının mədəni yaddaşındakı yeri, daşıdığı dərin fəlsəfi və mənəvi dəyərlər barədə çıxışlar edilib. Kəlağayının sadəcə baş örtüyü deyil, həm də qadın ləyaqətinin, saflığın, ailə dəyərlərinin və milli kimliyin rəmzi olduğu vurğulanıb.

Tədbirdə ölkənin fəal gəncləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, BDU-nun Biologiya fakültəsinin tələbələrindən ibarət "Xarıbülbül" klubunun üzvləri iştirak ediblər.

İştirakçılara ənənəvi kəlağayı sənətinin incəliklərini və qədim hazırlanma texnologiyasını əks etdirən film nümayiş olunub.

Eyni zamanda, tədbir iştirakçıları üçün qədim kəlağayı nümunələri, kəlağayının hazırlanmasında istifadə olunan tarixi taxta qəliblər (möhürlər) və təbii xam ipək saplardan ibarət əyani sərgi təqdim olunub.

Tədbirdə bildirilib ki, kəlağayının hazırlanma texnologiyasının və mənəvi mahiyyətinin öyrənilməsi gənclərin öz mədəni köklərinə sahib çıxmasına, milli brendlərin beynəlxalq müstəvidə düzgün təbliğinə və mədəni irsin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.

Digər xəbərlər