Tbilisidəki Azərbaycan teatrı Qazaxıstanda beynəlxalq festivalda iştirak edir

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Qazaxıstanın Aktau şəhərində keçirilən “Abiş aləmi” birinci beynəlxalq teatr festivalında iştirak edir.

“Report”un yerli bürosu xəbər verir ki, festivalda Gürcüstanı təmsil edən teatr A.P.Çexovun “Ayı” pyesinin əsasında hazırlanan tamaşa ilə çıxış edəcək.

Tamaşanın rejissoru teatrın bədii rəhbəri Turqay Vəlizadədir. Səhnə əsərində rolları T.Vəlizadə ilə yanaşı teatrın aparıcı və istedadlı aktrisaları Leyla Qasımova və Aida Tağıyeva da ifa edirlər.

Teatr festivalı Qazaxıstanın xalq yazıçısı Abiş Kekilbayevin 80 illik yubileyinə həsr olunub. Beynəlxalq tədbirə Qazaxıstanla yanaşı, Rusiya, Türkiyə, Ermənistan, Tacikistan, Türkmənistan, İran və Gürcüstandan teatr truppaları qatılıblar.

Festival TÜRKSOY-un dəstəyi ilə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi və Manqistau vilayətinin akimliyinin təşəbbüsü ilə baş tutub. Tədbirin əsas məqsədi Qazaxıstanın digər ölkələrlə mədəni və mənəvi əlaqələrinin möhkəmləndirilməsidir.

Digər xəbərlər