“Zıraat Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb

“Zıraat Bank Azərbaycan" ASC bu ilin I yarısını 10,136 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 8,129 milyon manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-iyun aylarında “Zıraat Bank Azərbaycan"ın əməliyyat gəlirləri 44,775 milyon manat (illik müqayisədə 39,1 % çox), əməliyyat xərcləri 28,854 milyon manat (49,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 3,468 milyon manat (27,5 % az), gözlənilməz gəlirləri 1 min manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 2,319 milyon manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il iyulun 1-nə “Zıraat Bank Azərbaycan"ın aktivləri 1 milyard 68,532 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 38,2 % çoxdur. Bunun 613,935 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 49,4 % böyüyüb.

Hesabat dövründə “Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 42,9 % artaraq 924,128 milyon manata, o cümlədən depozit portfeli 6,4 % artaraq 566,711 milyon manata, balans kapitalı isə 14,5 % artaraq 144,404 milyon manata çatıb.

Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

Digər xəbərlər